“Persona-non-grata” elan edilən İran diplomatlarının Azərbaycandan çıxarılması üçün proses başlayıb

İranın Azərbaycandakı səfirliyi

İran səfirliyinin “persona-non-grata” elan edilən diplomatlarının Azərbaycandan çıxarılması üçün proses aprelin 6-dan etibarən başlayıb.

Bu barədə Amerikanın Səsinə Xarici İşlər Nazirliyindən bildirilib.

Aprelin 6-da İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

“Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib”, məlumatda deyilir.

Bununla bağlı Amerikanın Səsi İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

İran və Azərbaycan arasında münasibətlərdə gərginlik davam edir. Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra İran Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı ittihamedici bəyanatlarını davam etdirməkdədir. İki ölkənin hökumətyönümlü medialarında bir-birinə qarşı hədələyici, ittihamedici reportajlar yayılır.