Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon şöbəsinin sədri Zamin Salayev 59 gündür aclıq edir. O, şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz edir.
Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, aprelin 6-da onunla İstintaq Təcridxanasında görüşdə olub:
"Zamin Salayev aclığı davam etdirir. Hərəkət etmək imkanları artıq məhdudlaşıb, 39 kiloqram çəki itirib, səhhətində ciddi problemlər var. Zamin bəy bildirir ki, əl barmaqlarında keyimə var, danışmaqda çətinlik çəkir".
Vəkilin məlumatına görə, Salayev ciddi həkim nəzarətində saxlanılmır, aclıq aksiyası keçirdiyi üçün digər məhbuslardan təcrid edilməyib.
"O, hələ də təcridxananın tibb-sanitar hissəsinə köçürülməyib. Həkim nəzarəti yoxdur, ancaq həkim çağırılanda bir neçə saat sonra gəlir. Zamin Salayev deyir ki, ya öləcək, ya da azad olunacaq, aclığı dayandırmaq niyyətində deyil" - deyə, vəkil bildirib.
Nemət Kərimli deyib ki, aprelin 7-də Zamin Salayevin Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılacaq.
Kərimlinin sözlərinə görə, Ombudsmanın nümayəndədləri Salayevə iki dəfə baş çəkib, prokurorluğa və Penitensiar Xidmətə müraciət etmələrinə baxmayaraq, Salayevə qarşı münasibətdə hər hansı dəyişiklik baş verməyib. Vəkil deyib ki, Zamin Salayevlə bağlı istintaq yekunlaşmaq üzrədir.
Bu deyilənlərlə bağlı hələlik Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən şərh almaq mümkün olmayıb.
Martın 30-da Qaradağ Rayon Məhkəməsi Zamin Salayevin ev dustaqlığına buraxılması üçün verilmiş vəsatəti təmin etməyib.
Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir.
Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq aclıq edir.