Ülvi Həsənli: Media qurumu olaraq reyestrə müraciət eləmək fikrimiz yoxdur

Your browser doesn’t support HTML5

AbzasMedia saytının rəhbəri Ülvi Həsənli Amerikanın Səsinə müsahibəsində media reyestrinin tətbiqinin müstəqil mediaya təsirlərindən danışıb.

Amerikanın Səsi: "Media haqqında" yeni qanun artıq bir neçə vaxtdır ki, icra qüvvəsinə minib. Hətta bu qanunun tərkib hissələrindən biri olan Media reyestri də işə başlayıb. Sizcə media reyestrinin tətbiqi KİV-lərin fəaliyyətində hansı dəyişikliklər yaradıb?

Ülvi Həsənli: Əslində qanun ötən ilin fevral ayında imzalanıb və qüvvəyə minib. Amma bununla bağlı icraedici quruma vaxt verilmişdi ki, reyestr qaydalarını müəyənləşdirsinlər. Reyestr sentyabr ayından fəaliyyətə başlayıb və hələ müddəti bitməyib. Media İnkişaf Agentliyinin rəhbəri yanvar ayında hesabat tədbirində çıxış elədi ki, 26 martdan sonra hansı media qurumları müraciət eləməsə, biz həmin qurumları mhəkəməyə verəcəyik. Əslində biz hansı formada təsir etməsini 26 martdan sonra daha dəqiq biləcəyik. Amma şəxsən bizim təcrübəmizdə olub ki, artıq bəzi dövlət qurumları açıqlama verməkdən boyun qaçırıblar. Onlar sorğulayırlar ki, sizin media qurumu və yaxud jurnalistlər reyestrdə var yoxsa yox. Onlar biləndə ki, biz media qurumu olaraq reyestrdə mövcud deyilik , açıqlama verməkdən imtina edirlər. Əlbəttə bu pis təcrübədir. Bu artıq o deməkdir ki, hökümət istədiyi medialara bundan sonra açıqlama verəcəklər. Bu, əslində konstitutsiyanın pozulmasıdır.

Amerikanın Səsi: Yeni Media haqqında qanunun icrası sizin rəhbərlik etdiyiniz intenet mediasının işində çətinliklər yaradıb? Əsas çətinlikləriniz nədir? Əməkdaşlarınız Media Reyestrindən keçə bilib? Burada çətinlikləriniz var?

Ülvi Həsənli: Biz media qurumu olaraq reyestrə müraciət eləmək fikrimiz yoxdur. Çünki biz düşünürük ki, bu konstitusiyaya qarşı olan qanundur. Biz qarşıdakı həftələrdə bu qanunun özünü belə mübahisələndirməyi düşünürük . Hazırda bununla bağlı hüquqi işləmlər gedir. Hüquqşünaslar sənədlər hazırlayırlar. Biz kütləvi olaraq müstəqil jurnalistlər, müəyyən media qurumları Konstitusiya məhkəməsinə müraciət etməyi düşünürük. Konstitusiya məhkəməsi baxmasa, digər beynəlxalq instansiyalara müraciət edəcəyik. Ona görə biz reyestrə müraciət eləməmişik. Bundan sonra da müraciət etmək fikrimiz yoxdur.

Amerikanın Səsi : Sizcə bu qanun müstəqil jurnalistikanın, azad medianın inkişafına necə təkan verəcək?

Ülvi Həsənli: Mən gözümü açandan mətbuatla, müstəqil media ilə bağlı kiçik bir nəsə addım atdığını , hərəkət etdiyini görməmişəm. Bunu hər kəs çox yaxşı bilir ki, hökümət yalan danışır. Hökümət məmurları yalan danışır ki, bu qanun azad və müstəqil medianın faydası üçündür. Bu qanun biz əvvəlcədən də müstəqil ekspertlər dediyi kimi məhdudlaşdırıcı xarakter daşıyır. Bu qanun ölkədə olan 3-5 medianı tam sıradan çıxarmaqdı. Ona görə də burada hansısa inkişafdan, irəliləyişdən danışa bilmərik.

Xatırlatma

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov fevralın 6-da bildirib ki, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər. Lakin müstəqil media nümayəndələri qanun dəyişmədikcə, bu tələbin problemə çevriləcəyini deyirlər və qanuna dəyişiklik edilməsini tələb edirlər.

Ötən il fevralın 10-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş "Media haqqında qanunun tətbiqi haqqında" fərman imzalayıb. 2022-ci ilin sentyabrın 26-da isə Media Reyestrinin aparılması qaydalarının təsdiq edilməsi bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub. Onlar hesab edir ki, "Media haqqında" qanunun müddəalarından olan reyestrin qəbulu ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.

Öz növbəsində, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, Media Reyestri bütün başqa sahələrdə mövcud olan hüquqi platformanın və məlumat bazasının təşkili hadisəsidir.