Milli Məclisin deputatına silahlı hücum qınanılır

Fazil Qəzənfəroğlu (Arxiv foto. Mənbə: VOA)

Martın 28-də evinin qarşısında silahlı hücuma məruz qalan Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa cərrahi əməliyyatdan çıxıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, deputatın vəziyyəti stabil qiymətləndirilir, həyati təhlükəsi yoxdur.

TƏBİB bildirir ki, Fazil Mustafanın təhlükəsizliyinin təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına köçürülüb.

Deputatın silahlı hücuma məruz qalması ölkə ictimaiyyətinin geniş müzakirələrinə səbəb olub. Hüquq mühafizə orqanları silahlı hücumu terror adlandırsa da onun sifarişçiləri barədə hələ məlumat verməyib. Hücumun icraçılarının saxlanılıb-saxlanılmaması ilə bağlı da hələ məlumat yayılmayıb.

Cərrahi əməliyyatdan sonra martın 29-da Fazil Mustafa haqqın.az saytına silahlı hücumla bağlı danışıb.

“Avtomobilimi evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə birdən nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i (qabaq şüşəsi-red) silkələndi. Çiynimdə dəhşətli ağrı hiss eləyirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Atışma səsinə evdəkilər çıxdılar. Evə gedərək tez qapını bağladım”, o qeyd edib.

Millət vəkilinin sözlərinə görə sonra qapını bağlayaraq Təcili yardım və hüquq mühafizə orqanlarına məlumat verib: “Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Daha heç nə xatırlamıram”, Mustafa deyib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Fazil Mustafaya 7-8 güllə atılıb.

“Bu, onun həyatına edilən sui-qəsddir. Sui-qəsdin təbii ki, siyasi səbəbləri var”, Oruc bildirib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Amerika Birləşmiş Ştatları azərbaycanlı deputat Fazil Mustafaya hücumdan dərin narahatdır və onun tam və tezliklə sağalmasını arzulayır.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Twitter səhifəsində deputata qarşı baş verən silahlı hücümun onu çox kədərləndirdiyini yazıb.

“Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə sağalmasını arzulayıram", o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, silahlı cinayətkarların ölkədə “meydan sulamasına” son qoyulmalıdır.

“AXC-Müsavatın arxasınca danışmaqdan, milyonlarla şahidi olan yaxın tarixi saxtalaşdırmaq cəhdlərindən vaxtı qalsa, İlham Əliyev ölkədəki kriminogen vəziyyətə də bir diqqət etsin. Xeyli müddətdir ki, ölkənin paytaxtında silahlar susmur. Müxalifətçiləri güdmək üzrə ixtisaslaşmış rejim gerçək cinayətkarlıqla mübarizədə hələ ki, acizlik göstərir. Bu gün də deputat Fazil Mustafa öz evi yaxınlığında avtomat silahla güllələnib, 2 güllə yarası alıb. Yaxşıdır ki, həyatına təhlükə yoxdur. Ağır cinayət hadisəsini hamılıqla pisləyirik və cinayətkarların dərhal tapılacağına ümid edirik. Bu cinayətin tezliklə açılmasında hökumətin də maraqlı olacağına ümid edirəm. Ancaq cinayətkarların cəzalandırılması azdır.

Dövlət hakimiyyəti nəhayət, öz işi ilə məşğul olmalıdır. Dövlətin resursları müstəqil və müxalif fikirli insanları əzməyə yox, gerçək cinayətkarlıqla mübarizəyə səfərbər edilməlidir. Silahlı cinayətkarların ölkəmizdə meydan sulamasına son qoyulmalıdır”, o Facebook səhifəsində qeyd edib.

REAL Partiyasının sədri İlqar Məmmədov Fazil Mustafaya sui-qəsdi qətiyyətlə pisləyib.

“Hakimiyyət təmsilçisinə, Prezidentin tərəfdarına açılan atəşin səbəbini və bu işin təşkilatçılarını yüksək keyfiyyətlə aparılacaq istintaqın tezliklə müəyyən etməsini arzulayıram. Yox, onları ictimai rəy təyin edəcəksə, bu cinayəti törədənlər öz məqsədinə daha rahat çatar. Çünki siyasətçinin həyatına qəsd bəzən konkret fəaliyyəti ilə də bağlı olur, bəzən isə o, ölkədəki vəziyyəti çalxalatmaq üçün hücum hədəfinə çevrilir. Hələlik heç nə aydın deyil. İstintaqın sürətli və keyfiyyətli aparılmasına böyük ehtiyac var”, Məmmədov teleqram kanalında yazıb.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında qorxu mühiti yaratmaq istəyən qüvvələr var.

“Bu, iyrənc bir terror aktıdır”, deputat qeyd edib.

Politoloq Azər Qasımlı hesab edir ki, Fazil Mustafanın evinin qarşısında güllələnməsi ciddi hadisədir.

“Həm bu olay, həm daha əvvəl baş verən kriminal hadisələr ilk növbədə ondan xəbər verir ki, ölkədə nə iqtisadi, nə sosial, nə də siyasi sabitlik var. Bu həm daxildən, həm də xaricdən qaynaqlanır. Bundan sonra "sabitlik" sözünü dillərinə gətirməsinlər. Hakimiyyətin daxili və xarici siyasəti iflasa uğramaqdadır. Ac vətəndaşla zor gücünə, aqressiv daxili və xarici ritorika ilə sabitlik qalıcı faktora çevrilə bilməz,” o, Facebook səhifəsində qeyd edib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu da (SEPAH) deputatın silahlı hücuma məruz qalmasından dərhal sonra Teleqram səhifəsində münasibət bildirib.

“İran və İslam əleyhinə mövqeləri ilə tanınan Azərbaycan Milli Məclisinin deputatı Fazil Qəzənfəroğlu (Mustafa) qətlə yetirilib,” SEPAH qeyd edib.