Ərdəbil əsilli etirazçı məhbus edam təhlükəsi ilə üzləşib

Iran Protests

İranda son etiraz aksiyalarında saxlanılanlardan biri olan Səccad İmannejad “Allaha qarşı müharibə”də ittiham olunub.

Ərdəbil əsilli və Tehran sakini olduğu bildirilən 34 yaşlı Səccad İmannejad ötən il oktyabrın 8-də Tehranda keçirilən kütləvi etirazlar zamanı həbs edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi onun adını edam təhlükəsi ilə üzləşən həbs olunanların siyahısında dərc edib və hazırda onun Böyük Tehran Həbsxanasında qeyri-müəyyən müddətə saxlanıldığını bildirib.

Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi onu İslam Respublikasının cinayət məcəlləsinə əsasən edam hökmü ilə nəticələnə bilən “müharibə” və “yer üzündə korrupsiya”da ittiham edib. İlkin məhkəmədə ona qarşı “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq”, “ictimai asayişi pozmaq” və “soyuq silahla güc nümayiş etdirmək” kimi ittihamlar irəli sürülmüşdü.

Səccad İmannejad

Memarlıq fakültəsini bakalavr dərəcəsi ilə bitirmiş Səccad İmannejad həbs olunarkən Tehrandakı etiraz aksiyaları zamanı repressiv qüvvələr tərəfindən şiddətli şəkildə döyülüb.

Xatırlatma

İranda hökumət əleyhinə etirazlar keçən il sentyabr ayında əxlaq polisi tərəfindən saxlanılan qadının ölümündən sonra başlayıb. 22 yaşlı Məhsa Əmini İranda qadınlar üçün tətbiq edilən hicab qaydalarını “pozduğuna” görə həbs edilmişdi. Bu etiraz nümayişləri 1979-cu ildən bəri İslam Respublikası qarşısında ən ciddi sınaqlardan biri hesab olunur.

İnsan haqları qruplarının məlumatına görə, kütləvi aksiyalar zamanı 70-i azyaşlı olmaqla 500-dən çox nümayişçi öldürülüb, 20 minə yaxın insan isə nəzarət altına alınıb.