Accessibility links

İranda etirazlarla əlaqədar daha üç nəfər ölüm cəzasına məhkum edilib


İranda daha üç nümayişçi edam cəzasına məhkum edilib. Bununla Tehranda əxlaq polisi tərəfindən hicab qanununu pozduğu iddiası ilə həbs edilən Məhsa Əmininin ölümündən sonra baş qaldıran etirazlarla bağlı ölüm cəzasına məhkum edilənlərin sayı 17-yə çatıb.

Ədliyyə orqanlarının Mizan Online saytının yanvarın 9-da verdiyi məlumata görə, Saleh Mirhaşemi, Məcid Kazemi və Yaqub Kordsofla İranın mərkəzindəki İsfahan şəhərində etirazlar zamanı üç Bəsic üzvünün ölümündə iddia edildiyi kimi əli olduqları ilə əlaqədar "Allaha qarşı müharibə" ittihamı irəli sürülərək məhkum ediliblər.

Eyni iş üzrə təqsirləndirilən İranın peşəkar futbolçusu Əmir Nəsr-Azadani "Allaha qarşı müharibəyə yardım" ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Nəsr-Azadani ölüm hökmü ehtimalı ilə üzləşmişdi. Onun məhkəmə işi beynəlxalq futbol ictimaiyyətinin kəskin reaksiyasına, eləcə də qlobal peşəkar futbolçular birliyi FIFPRO-nun öz ölkəsində qadın hüquqları və insan azadlıqları üçün kampaniya aparan oyunçunun belə bir cəza ilə üzləşməsinin "şok və hiddətləndirici" olduğunu bildirməsinə səbəb olub.

Sentyabrın ortalarında Əmininin ölümündən sonra ölkədə kütləvi etirazlarla qarşılaşan İran hakimiyyəti iğtişaşlarda iştirak edənlərə qarşı daha sərt cəzalar veriləcəyi barədə xəbərdarlıq edib.

İkisi həftə sonu olmaqla, məhkum edilənlərdən dördü artıq edam edilib. Digər ikisi - Məhəmməd Qobadlu və Məhəmməd Broqaninin cəzaları ölkənin ali məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Yanvarın 9-da səhər saatlarında Qobadlu və Broqaninin edam ediləcəkləri barədə xəbərin ardınca yüzlərlə insan Kərəcdəki Rəcayi-Şəhr həbsxanasının qarşısına toplaşaraq, hökumət əleyhinə şüarlar səsləndirib.

Qadınların və məktəbli qızların iştirak etdiyi etiraz nümayışləri 1979-cu il inqilabından bəri İslam Respublikası hökuməti üçün ən böyük təhlükə kimi qiymətləndirilir.

Rejim iğtişaşlarda Qərb hökumətlərini günahlandıraraq, etirazlara qanlı repressiyalarla cavab verib. İnsan haqları qruplarının bildirdiyinə görə, İran hökumətinin repressiyaları nəticəsində 500-ə yaxın insan ölüb, yüzlərlə insan yaralanıb. Minlərlə etirazçı, o cümlədən jurnalistlər, hüquqşünaslar, fəallar və başqaları da daxil olmaqla, onlara qarşı irəli sürülən ittihamlarla bağlı narahatlıqlar fonunda həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG