ABŞ Azərbaycanın "Siyasi Partiyalar haqqında" yeni qanunundan narahatdır.
Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Twitter hesabında yazıb.
"Biz hakimiyyəti Venesiya Komissiyasının və ATƏT-nin tövsiyələrini nəzərə almağa, əsas azadlıqlara, o cümlədən birləşmək azadlığına hörmət etməyə çağırırıq", Ned Prays Azərbaycanın "Siyasi Partiyalar haqqında" qanunu ilə bağlı Avropa Şurası Vensiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyinə münasibət bildirib.
Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə rəyində qeyd edilir ki, yeni "Siyasi Partiyalar haqqında" qanun "ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətdiq edib".
Komissiyanın əsas müddəaları aşağıdakılardır:
- partiya üzvlərinin minimum sayının 1000 nəfərdən 5000 nəfərə qədər artırılması;
- qeydiyyatdan keçmiş siyasi partiyaların yenidən qeydiyyata alınması zərurəti;
- siyasi partiyaların yaradılması və qeydiyyatı üçün uzun müddət və çətin prosedur;
- dövlət qeydiyyatı olmadan siyasi partiyanın fəaliyyətinə qadağa;
- partiyadaxili strukturların həddindən artıq tənzimlənməsi;
- Ədliyyə Nazirliyinin partiya fəaliyyətinə həddindən artıq nəzarəti və siyasi partiya üzvlərinin siyahıları;
- siyasi partiyanın fəaliyyətini dayandırmaq və ya hətta hüquqi aktların ciddi pozulması ilə əlaqəli olmayan hərəkətlərə görə partiyanı ləğv etmək imkanı.
Məlumatda deyilir ki, yuxarıda göstərilən qaydalar həm beynəlxalq insan hüquqları müqavilələri, həm də yerli Konstitusiya ilə təmin olunan assosiasiyalar azadlığı hüququnun həyata keçirilməsilə bağlı ciddi narahatlıq doğurur.
Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu xatırladır ki, birləşmə azadlığı və söz azadlığı hüququ demokratik cəmiyyətin fəaliyyəti üçün əsasdır.
"Siyasi partiyalar kollektiv siyasi ifadə vasitələri kimi bu hüquqlardan tam istifadə etmək imkanına malik olmalıdır. Bu o deməkdir ki, qeydiyyat tələbləri məqbul olmalıdır. Siyasi partiyalar üzərində dövlət nəzarəti bununla məhdudlaşdırılmalıdır. Odur ki, siyasi partiyanın daxili fəaliyyətinə geniş dövlət nəzarəti, o cümlədən öz üzvlərinin siyahılarının dövlətə təqdim edilməsi tələbi zərurət prinsiplərilə bir araya sığmayan həddindən artıq bir tədbirdir. Siyasi partiyaların dayandırılması və butraxılması yalnız normativ hüquqi aktların ən ciddi pozulması halında və digər ifrat hallarda tətbiq oluna bilər", sənəddə deyilir.
Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu hakimiyyətə sözügedən çatışmazlıqları aradan qaldırmağı təklif edir. Siyasi partiyaların yaradılmasına və qeydiyyatına xidmət edən tədbirlər (o cümlədən dövlət qeydiyyatı üçün tələb olunan ilkin üzv sayına (1000 üzv) qayıtmaq) təklif olunur.
"Siyasi partiyaların üzərindən yoxlama üçün dövlət orqanlarına öz üzvlərinin siyahılarını təqdim etmək öhdəliyinin qaldırılması təklif olunur. Əgər bu öhdəlik qalarsa, bunu Ədliyyə Nazirliyi yox, müstəqil orqan etməlidir. Ədliyyə Nazirliyi siyasi partiyalardan üzvlərin bütün siyahısını yox, yalnız qeydiyyatdan keçmək üçün lazım olan minimum üzv sayını tələb edə bilər. Üzvlərin siyahısının partiyanın daxili sənədi olduğu və açıqlanmalı olmamsı da qanunda dəqiqləşdirilməlidir", rəydə deyilir.
Komissiya, həmçinin parlamentdəki yerlərin əvəzinə siyasi partiyanın seçkilərdə aldığı səslərin sayına daha çox üstünlük verərək dövlət maliyyələşməsinin bölüşdürülməsi formuluna yenidən baxılmasını təklif edir.
Bundan əlavə yalnız ianələri müəyyən normaları keçən sponsorların adlarının açıqlanması tövsiyə olunur. Siyasi partiyalara nəzarət mexanizminə yenidən baxılması və bu funksiyaların müstəqil orqana verilməsi də təklif olunur.
Xatırlatma
Prezident İlham Əliyev "Siyasi Partiyalar haqqında" qanunu imzalayıb. Qanunun mətni yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib. Dövlət başçısı "Siyasi Partiyalar haqqında" qanunun tətbiqi haqqında fərman da imzalayıb. Fərmana görə, Nazirlər Kabineti üç ay müddətində siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslərlə bağlı məlumatların təqdim edilməsi, siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydasını təsdiq edəcək.
Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub. Müxaliftətdə olan siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.
"Siyasi Partiyalar haqqında" qanuna görə, sənəd Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin (Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) 1-ci (Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı) və 10-cu bəndlərinə (fiziki və hüquqi şəxslərin statusu) uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılacaq.
Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.
Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməyəcək.