Təqaüdçü müəllimə və həmkarlar ittifaqı fəalı Zeynəb Həmrəng Seyidbəyli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, əslən Ərdəbil vilayətinin Muğan bölgəsindən olan və hazırda Tehranda yaşayan Zeynəb Həmrəng Seyidbəyli martın 12-də həbs edilib.
Bu azərbaycanlı fəalın ailəsi "Iran Wire" saytına bildirib ki, hələlik Həmrəngin həbsinin səbəbi və ittihamlarla bağlı onlara məlumat verilməyib.
Zeynəb Həmrəg Seyidbəyli keçən il oktyabrın 17-də 2 il həbs cəzası çəkdikdən sonra şərti əfv ilə Tehranın Evin həbsxanasından azad edilmişdi. O, 2020-ci ilin sentyabrında Qərbi Azərbaycanda səfərdə olarkən tutularaq, 6 illik həbs cəzasına məhkum edilmişdi.
Həmrəng həmin ildə "milli təhlükəsizliyə qarşı toplaşma və birləşmə" və "sistemə qarşı təbliğat fəaliyyəti aparmaq" ittimahları ilə üzləşmişdi.