ABŞ və Azərbaycan mülki müdafiə və dənizdə infrastrukturun qorunması məsələlərini müzakirə edib

Kəmaləddin Heydərov və Edvard Voqan (Rəsmi foto. Mənbə: Fövqəladə Hallar Nazirliyi)

Martın 15-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini, briqada generalı Edvard Voqan arasında görüş olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir ki, nazir Kəmaləddin Heydərov iki ölkə arasında mülki müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu deyib.

ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi tərəfindən Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarına avadanlıqların verilməsinə və təlimin keçirilməsinə görə təşəkkür edən nazir iki qurum arasında prioritet sahələr üzrə gələcək ikitərəfli əməkdaşlıq perspektivlərinin müəyyən olunması məqsədilə müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

"Nüvə təhlükəsizliyi məsələlərinə toxunan Heydərov Ermənistanda köhnə texnologiya ilə fəaliyyət göstərən və ciddi texniki problemlərinin olduğu Metsamor Atom Elektrik Stansiyasının bütün region üçün yaratdığı böyük nüvə təhlükəsi barədə danışıb", məlumatda qeyd edilir.

Briqada generalı Edvard Voqan iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə üzrə əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydalı olduğunu vurğulayıb. Bu çərçivədə, o ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüb.

Bundan əlavə, Voqan dənizdə neft dağılmaları ilə mübarizə üzrə uyğun qurumlar arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında isə deyilir ki, briqada generalı Voqan martın 15-də Azərbaycanın fövqaladə hallar nazırı general polkovnik Kəmaləddin Heydərov ilə xidməti avadanlığın Azərbaycan hökumətinə verilməsi tədbirində iştirak edib.

"Sözügedən avadanlığın, habelə fövqaladə vəziyyətə cavab tədbirləri üçün materiaların və təqdim olunan aidiyəti təlimin ümumi dəyəri 4 milyon ABŞ dollarıdır. Avadanlıq Azərbaycanın fövqaladə hallar sahəsində çalışan insanlara fövqaladə vəziyyətlərin yarada biləcəyi fəsadları azaldmağa yardım edəcək", məlumatda qeyd edilir.

ABŞ-ın Avropa Komandanlığının briqada generalı Edvard Voqan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsini ziyarət edib.

Həmçinin Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsini ziyarət edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, Voqan Xəzər dənizində mühüm infrastrukturun qorunması və narkotiklərin qanunsuz daşınmasına qarşı fəaliyyətləri dəstəkləmək üçün ABŞ-ın Avropa Komandanlığının Azərbaycana göstərdiyi yardımı nəzərdən keçirib.