ABŞ Dövlət Departamenti İran hərbi təyyarəsinin Azərbaycanla sərhəd boyunca uçuşuna münasibət bildirib

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik brifinqdə sualları cavablandırır. Washington DC, ABŞ. (ARXİV)

“Azərbaycan və İran baxımından, əlbəttə ki, İran regionda çoxdan bədxah aktyordur.”

Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays martın 13-də ənənəvi brifinqdə Turan agentliynin İrana məxsus hərbi təyyarənin Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş həyata keçirməsinə münasibət bildirərkən deyib.

“Azərbaycan və İran baxımından, əlbəttə ki, İran regionda çoxdan bədxah aktordur. O, həm yaxın, həm də uzaq qonşularını təhdid edən zərərli işlərlə məşğul olur. Ona görə də biz bu tip gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız ondan ibarətdir ki, bir az əvvəl çox fərqli kontekstdə dediyimiz kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarətdir ki, daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionuna nail olaq,” Prays qeyd edib.

Rəsmi məlumatlara görə, martın 11-də İrana məxsus hərbi təyyarə Bakı vaxtı ilə saat 09.44-dən 10.26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.

Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin birgə bəyanatında deyilir ki, İran hərbi təyyarəsi iki ölkə arasında dövlət sərhədindən 3-5 kilometr məsafədə, bəzi hallarda isə dövlət sərhədinin üstü ilə uçub.

“Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İranın hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir. İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır. Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi” - sənəddə qeyd edilir.

Martın 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran səfiri Abbas Musəvinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq nota təqdim etməsini şərh edərkən bildirib ki, İranın hərbi təyyarəsi İran ərazisində olub, uçuş Azərbaycan sərhədindən lazımi məsafədə həyata keçirilib,

“Tehran İranın səfiri Abbas Musəvinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmasını xoşniyyətli addım kimi qiymətləndirə bilməz,” o, qeyd edib.

Onun sözlərinə görə, radarlar tərəfindən qeydə alınan qanun pozuntuları və ya hər hansı nasazlıqlar zamanı xəbərdarlıqlar radio vasitəsilə qəbul edilir.

“Bu uçuşla bağlı heç bir xəbərdarlıq olmayıb,” sözçü qeyd edib.

“Bizim Azərbaycanla müdafiə sahəsində münasibətlərimiz var, hətta səfirlik fəal şəkildə işləyir, orada bizim hərbi attaşemiz fəaliyyət göstərir. Məsələ ilə bağlı İran səfirliyinə və hərbi attaşemizə müraciət etmək olardı. Fikir mübadiləsi aparılardı və anlaşılmazlıq aradan qaldırıla bilərdi. Biz Azərbaycan hökumətinin səfiri dəvət etməsini xoşməramlı addım kimi qiymətləndirə bilmərik,” IRNA agentliyi Kananiyə istinadən bildirib.