Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Ofisinin nümayəndələri Azərbaycanda səfərdə olub

Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Ofisinin nümayəndələri Azərbaycanda (Foto ABŞ səfirliyinindir)

ABŞ Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Ofisinin nümayəndə heyəti bu həftə Bakıya səfəri zamanı dini liderlər, dini təşkilatlar və hökümət rəsmiləri ilə keçirdikləri konstruktiv müzakirələri yüksək qiymətləndirib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, səfərdə olan nümayəndələr din azadlığına dair məsələlərin müzakirəsi üçün görüşlər keçirib.

"Atəşgah, Baptist dua evi, Əjdərbəy məsçidi, və Aşkenazi yəhudilərinin sinaqoquna etdikləri ziyarətlər nümayəndə heyətini ruhlandırıb", ABŞ səfirliyi qeyd edib.

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir ki, bu qurumun sədri Mübariz Qurbanlı ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin beynəlxalq dini azadlıqlar və xüsusi tapşırıqlar üzrə səfirinin müavini Karson Relitz Roker, həmçinin adıçəkilən idarənin Avropa və Mərkəzi Asiya üzrə müşaviri Yohanna Vulfsberq ilə görüşüb.

Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Ofisinin nümayəndələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (Rəsmi foto)

Görüşdə Azərbaycanın dövlət-din münasibətləri modeli, dini durum ətrafında fikir mübadiləsi aparılıb.

"Azərbaycan müxtəlif dini konfessiyaların vəhdət, harmoniya şəklində yaşadığı unikal bölgələrdən biridir. Ölkədə dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir. Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini konfessiyalar hərtərəfli diqqət və qayğı ilə əhatə olunur. Hər il dövlət büdcəsindən ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə həm İslam, həm də qeyri-islam dini icmalarına maliyyə yardımı ayrılır", Qurbanlı qeyd edib.