Bir müddət əvvəl təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Tehranın Evin həbsxanasına köçürülən Ərdəbil şəhərinin sakini Məhəmməd Yusifi Sadat sərbəst buraxılıb.
Bununla bağlı Güney Azərbaycan Televiziyası (Günaz TV) saytının yaydığı məlumatda bildirilir ki, Yusifi Sadat martın 5-də qeydsiz-şərtsiz mülk zəmanət qoyulmadan azad edilib.
Həmin xəbərə görə, Məhəmməd Yusifi Sadat Evin həbsxanasının 240-cı palatasında 6 gün təkadamlıq kamerada sorği-suala çəkilib və sonra həmin həbsxananın 209-cu bölməsinə köçürülüb. O, 7 gün daha bu bölmədə saxlanıldıqdan sonra sərbəst buraxılıb.
O, keçən fevralın 20-də polis bölməsinə çağırıldıqdan sonra Ərdəbil təhlükəsizlik qüvvələri tərəfindən tutularaq Tehranın Evin Həbsxanasına köçürülüb.
Təhlükəsizlik qüvvələri İran Azərbaycanının Ərdəbil şəhərində yaşayan Məhəmməd Yusifi Sadatın ailəsi evində reyd keçirmişdi.
Ərdəbil sakini olan bu vətəndaşın hansı ittihamlara əsasən həbs edildiyi barədə hələ məlumat yoxdur.
Məhəmməd Yusifi Sadat ABŞ-da yaşayan güneyli siyasi fəal və Günaz televiziyasının təsisçisi Əhməd Obalının qohumudur. Günaz TV saytı bununla bağlı dərc etdiyi xəbərdə, "təhlükəsizlik qurumlarının xaricdəki fəallara təzyiq vasitəsi kimi həmin fəalların ölkədəki yaxınlarını hədələdiyini" yazıb.