Azərbaycan Baş prokurorluğu "Tərtər işi" ilə bağlı zərərçəkənlərin sayını açıqlayıb.
Prokurorluğun məlumatında deyilir ki, bəzi sosial media səhifələrində şərti olaraq "Tərtər işi" adlandırılan cinayət işinə dair həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
"Paylaşılan məlumatlarda istintaq olunmuş 3 cinayət işi üzrə zərərçəkmiş şəxslərin sayı 700 nəfər göstərilsə də, bildiririk ki, həmin hadisələrə dair 2 cinayət işi üzrə 452 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Qeyd edilən cinayət işləri üzrə 9 nəfər təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib, istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş digər şəxslər və cinayət xarakterli xüsusatlar üzrə cinayət təqibi davam etdirilir", məlumatda deyilir.
Bundan əlavə prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən yoxlanılmamış məlumatları yaymamağı xahiş edib.
"Bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən dövlət qurumları ilə dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur", məlumatda deyilir.
2016-cı ilin aprel ayında baş verən döyüşlərdən sonra Azərbaycanda bir qrup hərbçi istintaqa cəlb olunub.
Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanatında hərbçilərin Ermənistanın xeyrinə casusluqda təqsirli olduğunu iddia edirdilər. İctimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılanlara kütləvi şəkildə işgəncə verildiyini 2019-cu ildə öyrənib.
Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 hərbçi uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən az 9 nəfər işgəncələr nəticəsində həyatını itirib.
Sonradan müttəhimlərin bir hissəsinə bəraət verilib, işgəncələrdə təqsirli olanlar isə həbs edilib. Qanunsuz olaraq mühakimə edilənlərə bəraət verilməsi prosesi davam edir. Son vaxtlar işgəncələrdə və qanunsuz istintaqda iştirakı olan zabitlər həbs edilib.