İran və Ermənistan arasında Nurduz sərhəd terminalı vasitəsilə ticarətin həcminin artdığı bildirilir

İranın Şərqi Azərbaycan vilayətinin valisi Abidin Xürrəm Nurduz Gümrüyündə

İranın Araz Azad Ticarət Sənaye Zonasının baş direktoru Məcid Kiyani Təbrizdə keçirilən toplantıda Nurduz sərhədində ticarət həcmində artımın qeydə alındığını açıqlayıb.

İranın dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, iranlı rəsmi bildirib ki, son üç il ərzində İrandan Ermənistana ixrac olan malların dəyəri 40 milyon dollardan 81 milyon dollara qədər artıb.

O, son üç il ərzində Nurduz gömrüyü vasitəsilə xarici tranzitin 209 milyon dollardan hazırda 341 milyon dollara yüksəldiyini qeyd edib.

Ermənistandan avtomobillərin və iş adamlarının hərəkətini asanlaşdırmaq üçün 500 hektar ərazidə Nurduz terminalının tutumunun 2,5 hektar genişləndirilməsi də bu tədbirlərdən biridir.

Kiyaninin dediyinə görə, İranla Ermənistan arasında Nurduz səhrhəd gümrüyündən ticarətin inkişafı üçün "avtomobillərin və erməni iş adamlarının gediş-gəlişini asanlaşdırmaq üçün bu terminalın tutumunun 2,5 hektar artırılması, ticarət komplekslərinin formalaşdırılması, gömrük və sərhəd terminalının gecə-gündüz fəaliyyəti, bir neçə mehmanxana və yerləşdirmə mərkəzlərinin tikintisi və logistika ərazisinin istifadəyə verilməsi" nəzərdə tutulub.

İran İslam Respublikası Ermənistanla iqtisadi əlaqələri və ticarət həcmini artırmaq məqsədilə Təbriz-Ermənistan magistral yolu layihəsini bir neçə il öncədən həyata keçirməyə çalışır. Kiyani bu barədə bildirib ki, magistral yol Vərziqana qədər işlənib və onun geri qalan hissəsinin çəkilməsi vəzifəsi Süngün Mis Şirkətinə verilib.

O, Təbriz-Ermənistan magistral yolunu Şimal-Cənub dəhlizinin əsas arteriyalarından biri hesab etdiyini deyib və bildirib ki, həmin yolun açılması İran və Ermənistan arasında "ticarət əlaqələrinin möhkəmlənməsinə zəmin yaradacaq."

Bu yaxınlarda Şərqi Azərbaycan vilayətinin valisi Abidin Xürrəm Nurduz sərhəddində olub. O, yük maşınlarının hərəkətini asanlaşdırmaq üçün bu gömrükdə rentgen detektor sisteminin istifadəyə verilməsinə nəzarət edib.