Abbas Lisani İranın Yəzd şəhərinə sürgün edilib

Abbas Lisani

Fevralın 21-də Ərdəbil Mərkəzi Həbsxanasından azad edilən Abbas Lisani sürgün cəzası İranın mərkəzi əyalətlərindən biri olan Yəzd vilayətinə təyin edilib.

"Abbas Lisani" Teleqram kanalının məlumatına görə, tanınmış azərbaycanlı fəal 4 ildən artıq həbsdə saxlanıldıqdan sonra fevralın 21-də Ərdəbil həbsxanasından azad edilib və polis müşayiəti ilə Yəzd şəhərinin məhkəməsinə və ardından Kəşfiyyat İdarəsinə aparılıb.

Abbas Lisani Yəz Kəşfiyyat İdarəsinin qarşısında

Yəzd məhkəməsində Lisaninin hər gün həmin şəhərin kəşfiyyat idarəsinə gedib barmaq izi verməsi şərti qoyulub.

Fevralın 22-si günortadan sonra o, Yəzdə köçürüldüyü barədə ailəsinə məlumat verib.

Tanınmış milli fəal Abbas Lisani ailəsi ilə söhbətində Yəzd şəhərinə sürgün cəzasına tabe olmayacağını bildirib.

Teleqram kanalında dərc olan məlumata görə, Abbas Lisani məhkəmə və kəşfiyyat idarəsində idari proseduraların bitməsindən sonra avtobus terminalına gedərək birbaşa Ərdəbilə yola düşüb.

Güneyli fəal sürgün cəzasına münasibət bildirərək, müalicəsinin Təbriz şəhərində keçirildiyi, onurğa diski xəstəliyi səbəbindən ayda 1200 kilometrdən çox yol qət edə bilməsinin mümkün olmadığı üçün sürgün həyatına tabe olmayacağını deyib.