İlqar Məmmədov Venesiya Komissiyasının üzvləri ilə “Siyasi Partiyalar haqqında” qanunu müzakirə edib

İlqar Məmmədov (Fotonu İqar Məmmədov təqdim edib)

Fevralın 8-də Respublikaçı Alternativ - REAL Partiyasının sədri İlqar Məmmədov Avropa Şurası Venesiya Komissiyasının üzvləri ilə "Siyasi Partiyalar haqqında" qanunu onlayn görüşdə müzakirə edib.

İlqar Məmmədov Amerikanın Səsinə müsahibəsində bildirib ki, partiyanın bu qanuna dair məlum tənqidi mövqeyini komissiyanın üzvlərinə və beynəlxalq ekspertlərin diqqətinə çatdırıb.

“REAL Partiyasının “Siyasi Partiyalar haqqında” qanunla bağlı məlum mövqeyini Venesiya Komissiyasının üzvlərinin və beynəlxalq ekspertlərin diqqərinə çatdırdım. İndi mövqeyimizi artıq Azərbyacan ictimaiyyətinə deyil beynəlxalq təşkilata çatdırdıq”, o qeyd edib.

Your browser doesn’t support HTML5

İlqar Məmmədov: Azərbaycan hökuməti Venesiya Komissiyasının rəyinə əhəmiyyət vermir

REAL Partiyası sənəd qəbul olunanda bildirib ki, qanun Azərbaycanın maraqlarına ziddir.

"Bu qanun prinsip etibarı ilə qəbul olunmamalı idi. İndən sonra hansısa qurumun üzərinə hansısa vəzifə qoyulmasının dəxli yoxdur", REAL Partiyası bildirib.

Məmmədov Amerikanın Səsinə deyib ki, Avropa Şurasınin Venesiya Komissiyası martın 11-də qanunla bağlı iclas keçirəcək və orada rəyini təsdiq edəcək.

REAL Partiyasının sədri, - “bir qədər əvvəl Venesiya Komissiyası Azərbaycanın “Media haqqında” qanuna da mənfi rəy verib, amma sənəddə hər hansı düzəliş edilməyivb. “Siyasi Partiyalar haqqında” qanuna mənfi rəy veriləcəksə, bu nəyi dəyişəcək?” sualının cavabında deyib ki, bu Avropa Şurasının qərarlarının yerinə yetirilməməsidir.

“Birincisi bu Avropa Şurasının ayıbıdır ki, onun Avropa Məhkəməsinin qərarlarını Azərbaycan hökuməti saymır, çox vaxt qərarlarının icrasını aylarla, illərlə uzadır. Xüsusilə seçki məsələsi ilə bağlı qərarların icrasını uzadır. Eynən də Azərbaycan hökuməti Venesiya Komissiyasının rəyinə əhəmiyyət vermir. Bu Azərbaycan hökumətinin davranışından daha çox Avropa Şurasının bir ayıbıdır ki, onlar bu sənədləri belə ayaqaltı ediblər”.

Məmmədov hesab edir ki, hökumət vəziyyətdən çıxış üçün qanunu geri çağırmalı, yenidən işlənib Milli Məclisdə qəbul edilməlidir.

"Bu qanun Azərbaycanı haqqına tənqid edən bütün beynəlxalq çevrələrdə o biri qanunla birgə, yəni "Media haqqında" qanunla cüt gəzəcək. Bu iki qanun əl-ələ verib Azərbaycanı bütün demokratik dünyada nüfuzdan salacaq”, o qeyd edib.

Prezident İlham Əliyev "Siyasi Partiyalar haqqında" qanunu imzalayıb. Qanunun mətni yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib.

Dövlət başçısı "Siyasi Partiyalar haqqında" qanunun tətbiqi haqqında fərman da imzalayıb.

Fərmana görə, Nazirlər Kabineti üç ay müddətində siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslərlə bağlı məlumatların təqdim edilməsi, siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydasını təsdiq edəcək.

Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub. Müxaliftətdə olan siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.

Qanunun qəbul olunmasına baxmayaraq, Avropa Şurasının Venesiya Komissiyası sənədin Avropa standartlarına uyğun olub-olmaması barədə rəy verəcək. Belə ki, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi "Siyasi Partiyalar haqqında" qanuna Avropa Şurasının Venesiya Komissiyasının Təcili Rəy verməsi ilə bağlı 2022-ci il dekabrın 14-də qərar qəbul edib.

"Siyasi Partiyalar haqqında" qanuna görə, sənəd Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin (Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) 1-ci (Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı) və 10-cu bəndlərinə (fiziki və hüquqi şəxslərin statusu) uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.

Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılacaq.

Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.

Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməyəcək.