Xalid Ağaliyev: Azərbaycan Avropa Şurası məkanında seçki hüququnun pozulması ilə tanınan ölkədir

Xalid Ağaliyev -Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlərin son vəziyyətindən danışıb.

Amerikanın Səsi: Yerli medianın məlumatına görə son illər Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlərin sayı artmaqdadır. Bunun səbəbi nədir?

Xalid Ağaliyev: Ümumiyyətlə Azərbaycan Avropa məhkəməsinə ən çox şikayət göndərən on Avropa Şurası ölkəsindən biridir. Azərbaycan bu sıralamada bəzən 5-ci, bəzən 7-ci, indi isə səhv etmirəmsə 9-cu yerdədir. Azərbaycandan göndərilmiş 2000-dən artıq şikayət baxılmasını gözləyir. Bu şikayətlərin sayında artımın həddindən artıq olması qənaətində deyiləm. Ümumilikdə son 5-6 il ərzində artımı götürsək 200 qədər artım var. Adətən il ərzində 1800-1900 civarında olur. Şikayətlərin artmasının səbəbləri müxtəlif ola bilər. Birincisi bu ola bilər ki, insanların Avropa məhkəməsi aləti barəsində məlumatlılığı artır. İnsanlar belə bir hüquq vasitəsinə malik olduğunu bilirlər və bu məhkəməyə şikayət edirlər. Digər başlıca səbəb Azərbaycanda məhkəmələrin ədalətliliyi sahəsində problemlərin olmasıdır. Xüsusilə siyasi çəkisi olan işlərdə Azərbaycan daxilində məhkəmələrdə ədalət tapmaq çox çətin məsələdir. Bu cür işlərdə qurban olanlar təbii ki, yekun vasitə olaraq Avropa məhkəməsinə şikayət edirlər. Bütün bunlar ümumilikdə şikayətlərin sayında cüzi də olsa artıma gətirib çıxardır.

Your browser doesn’t support HTML5

Xalid Ağaliyev: Azərbaycan Avropa Şurası məkanında seçki hüququnun pozulması ilə tanınan ölkədir

Amerikanın Səsi: Azərbaycan vətəndaşları yerli məhkəmələrdə daha çox hansı hüquqlarının pozulmasından şikayət edir?

Xalid Ağaliyev: Biz bayaq məhkəmələrimizdə ədalət probleminin mövcudluğuna toxunduq. Bu ilk növbədə özünü Avropa məhkəməsinin qərarlarında göstərir. Avropa məhkəməsi indiyə qədər Azərbaycanla bağlı çıxardığı qərarlarda ən çox ədalətli məhkəmə araşdırması pozuntusunu tanıyıb. Təxminən 122 qərarında Avropa məhkəməsi ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna qərar verib. Bundan sonrakı sıralamada əsasən azadlıq və toxunulmazlıq hüququnun pozuntuları gəlir. Bunlar da təxminən 100-ə qədər işdə tanınıb. Daha sonra işgəncəyə məruz qalmama, pis rəftara məruzqalmama bu cür pozuntuların tanınması da Azərbaycana münasibətdə daha çoxdur. Başqa xeyli məsələlər də var. Məsələn, seçki hüquqi ilə bağlı pozuntuların müəyyən edilməsi, Avropa Şurası məkanında Azərbaycan qədər pozuntusu tanınan ölkə yoxdur. Məsələn, 25 qərarda Azərbaycana münasibətdə Avropa məhkəməsi seçki hüququnun pozuntusunu tanıyıb. Bu işlərin də daxilində 100-dən artıq ərizəçi var.

Amerikanın Səsi: Bəs Avropa məhkəməsinin qərarları ilə bağlı son vəziyyət necədir? Bu qərarlardan sonra vətəndaşlar hüquqlarının bərpasına nail ola bilirmi?

Xalid Ağaliyev: Avropa məhkəməsinin qərarlarının icrası iki aspektdə əhatə edilir. Biri fərdi məsələlərdir. Digər aspekt isə ümumi tədbirlərin görülməsini nəzərdə tutan tədbirlərdir. Azərbaycanda fərdi tədbirlərin, məsələn, təzminatların ödənilməsi ilə bağlı çox ciddi problemlər yoxdur. Kiçik istisnaları kənara qoysaq, Avropa məhkəməsinin müyyən etdiyi təzminatları hökumət müəyyən vaxt tarixində ərizəçilərə ödəyir. Amma çox ciddi problem ümumi tədbirlərin görülməməsi ilə bağlıdır. Məsələn, 15 il əvvəl Avropa məhkəməsi media ilə bağlı işlərdə müəyyən edib ki, Azərbaycanda diffamasiya haqqında qanun qəbul olunmalıdır. Ümumiyyətlə bu durum Azərbaycanla bağlı çıxarılmış qərarların çoxuna aiddir. Bundan çıxış eləsək deyə bilərik ki, vətəndaşlar tam olaraq öz hüquqlarının bərpasına nail ola bilmirlər. Çünki, qərarlar dediyim kimi ümumi tədbirləri nəzərdə tutur.

Amerikanın Səsi: Avropa məhkəməsinin təyin etdiyi maddi kompensasiyaların məbləğini ədalətli hesab etmək olar?

Xalid Ağaliyev: Əgər biz Avropa məhkəməsinin müəyyən etdiyi pozuntuları ədalətli hesab ediriksə, onun yanında müəyyən edilmiş maddi təzminat məsələlərinin məbləğində ədalətli olmağına məncə inanmalıyıq. Ümumiyyətlə Avropa məhkəməsi alətinə biz təzminat əldə etmək, pul vəsaiti əldə etmək vasitəsindən daha çox hüquqların pozuntusunun tanınması və üzləşdiyimiz pozuntuların aradan qaldırılmasının bir aləti kimi baxmalıyıq. Əgər belə yanaşarıqsa yekunda qərarlara gətirib çıxaran kompleks problemlərin ortadan qaldırılmasına nail ola bilərik.

Xatırlatma

AİHM 2022-ci ildə Azərbaycanla bağlı mahiyyəti üzrə 23 qərar qəbul edib, həmin qərarların 22-də iddia edilən pozuntuların əksəriyyəti tanınıb. 2022-ci ildə Azərbaycana münasibətdə ən çox azadlıq və toxunulmazlıq hüququnun pozuntusu tanınıb – 9 qərar. 7 işdə ədalətli məhkəmə araşdırması, 3 işdə mülkiyyət, 2 işdə şəxsi həyata hörmət, 2 işdə birləşmək, 1 işdə işgəncənin yolverilməzliyi, 1 işdə isə yaşamaq hüququnun pozulmasına qərar verilib.

AİHM indiyə qədər Azərbaycanla bağlı mahiyyəti üzrə ümumilikdə 274 qərar qəbul edib. Həmin qərarların yalnız 3-də pozuntu tapılmayıb. Məhkəmə Azərbaycana münasibətdə ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib - 126 qərar. Azadlıq və toxunulmazlıq hüququnun pozuntusu 96 qərarda tanınıb. 57 işdə işgəncəyə məruz qalmamaq, 47 işdə mülkiyyət, 43 işdə isə birləşmək hüququnun pozuntusu tanınıb. AİHM seçki hüququnun pozuntusunu ən çox Azərbaycana qarşı işlərdə tanıyıb - 25 qərar. Konvensiyanın 18-ci maddəsinin pozuntusu kateqoriyasında da Azərbaycan Avropa Şurasına üzv olan ölkələr sırasında 1-dir.

Amerikanın Səsinin ölkənin rəsmilərindən bununla bağlı şərh almaq cəhdi baş tutmayıb. Ötən ilin fevralında yerli mediaya açıqlama verən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib ki, əhalinin sayına görə şikayətlərin sayına baxdıqda, Azərbaycan Avropa Şurasının üzv dövlətləri arasında bir çox qonşu və Qərbi Avropa ölkələrinin arxa sırasında qalaraq üçüncü onluqda yerləşir. Onun sözlərinə görə, ötən iyirmi il ərzində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanla bağlı 200-dən çox qərar qəbul edib ki, bu qərarlarda Avropa Konvensiyası müddəalarının pozulması müəyyən edilib.