Accessibility links

Avropa İnsan Haqları Məhkəməsi "Nardaran hadisələri" zamanı həbs olunanların işi üzrə qərarını açıqlayacaq


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi fevralın 9-da Azərbaycandan göndərilmiş 10-dan artıq ərizə üzrə 3 yekun qərar və qərardadlarını elan edəcək.

Bu barədə Amerikanın Səsinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev bildirib.

Onun sözlərinə görə, ərizələrdə əsasən, işgəncəyə, pis rəftara məruz qalmamaq, ədalətli məhkəmə araşdırması, mülkiyyət hüquqlarının pozuntuları mübahisələndirilib.

Hüquqşünas qeyd edib ki, bir işdə Avropa Konvensiyasının 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu da mübahisələndirilib.

Cabbar Cabbarov və başqaları Azərbaycana qarşı işi ilə bağlı hüquqşünas qeyd edib ki, bu məhkəmə işində ərizəçilərin hamısı 2015-ci ildə "Nardaran hadisələri” zamanı Müsəlman Birliyi Hərəkatının üzvləri kimi Bakının Nardaran qəsəbəsində və digər şəhərlərdə həbs və edilib, müxtəlif cinayətlərə görə azadlıqdan məhrum olunublar.

Nardaran ( Photo by : Parvana Bayramova)
Nardaran ( Photo by : Parvana Bayramova)

"Ərizələrin hamısı saxlanılan və tutulan zaman pis rəftara məruz qalmalarından, belə rəftar iddialarının effektiv araşdırılmamasından şikayət ediblər. Onlar AİHM qarşısında iddia ediblər ki, həbs edilərkən, saxlanılan və bir yerdən başa yerə aparılan zaman pis rəftarla üzləşiblər. İddialarına görə, belə rəftarın məqsədi onlardan istənilən ifadələri almaq olub".

Xalid Ağaliyev deyir ki, ikinci qərar İlqar Rzayevin Azərbaycana qarşı işi ilə bağlı olacaq.

Bu işdə ərizəçi Açıq Cəmiyyət Partiyasının üzvü olub. Anası və qardaşı da adı çəkilən müxalif partiyanın üzvü olan ərizəçi hadisələrin baş verdiyi vaxt daşınmaz əmlak şirkətində işləyib.

2012-ci il aprel ayında Bakı şəhərində İctimai Palata adlanan müxalif birliyin etiraz aksiyası keçirilib. Aksiyada ərizəçinin anası hökumətə yönəlik sərt tənqidi çıxış edib, ərizəçinin təqdim etdiyi press-relizlərə görə ölkə başçısını "korrupsioner və diktator" adlandırıb.

Həmin aksiyadan bir neçə gün sonra ərizəçi iş yerinin yaxınlığındakı küçədə saxlanılaraq, Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb. Polis nəzarəti altında axtarış zamanı onun üzərindən heroin aşkar edilib. Eyni gündə polislər ərizəçinin mənzilində də axtarış aparıb, orada da heroin aşkar ediblər. Ərizəçiyə narkotik cinayətlərinə görə cinayət işi açılıb, barəsində məhkəməyə qədər həbs qətimkan tədbiri seçilib.

Bir neçə ay sonra Nərimanov Rayon Məhkəməsi onu təqsirli sayaraq iki il müddətinə azadlıqdan məhrum edib. Hökm maddi sübutlara, polis əməkdaşlarının və şahidlərin ifadələri ilə əsaslandırılıb. Yuxarı məhkəmələr ərizəçinin şikayətlərini rədd edib.

Onun sözlərinə görə, ərizəçi AİHM qarşısında iddia edir ki, onunla bağlı məhkəmə prosesi ədalətli olmayıb (6-cı maddə), cinayət məsuliyyətinə məhz müxalifətçi olduğuna görə cəlb edilib (14-cü maddə).

AİHM kommunikasiya zamanı hökumətə qeyd edilən pozuntularla yanaşı Konvensiyanın 18-ci maddəsinin pozulması kontekstində də suallar göndərib.

Zöhrə Hacıyeva Azərbaycana qarşı məhkəmə işində isə mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib.

Hüquqşünasın sözlərinə görə, ərizəçiyə məxsus mülkiyyət dövlət ehtiyacları üçün özgəninkiləşdirilib.

"Ona təzminat da ödənilib. Ancaq ərizəçi AİHM qarşısında iddia edir ki, qanunvericilik ümumi təzminatdan başqa ona 20 faiz məbləğində kompensasiyaya əlavənin ödənilməsini də nəzərdə tutur. Həmin məbləğ ərizəçiyə ödənilməyib", o qeyd edib.

Xatırlatma

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırov 20 il həbsə məhkum edilib.

Taleh Bağırov və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

Həbs olunanlar Bağırovun təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunublar. Onlar Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək və başqa maddələri ilə günahlı bilinərək 12 ildən 19 ilədək həbsə məhkum ediliblər.

ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, beynəlxalq korrupsiya ilə mübarizə və insan haqları günləri münasibətilə sanksiyaya məruz qalan fərdlərin siyahısını dərc edib.

Siyahıya Azərbaycandan ilk dəfə olaraq “Bandotdel” kimi tanınan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Kərim Heydər oğlu Əlimərdanov da var.

Sanksiya qərarının 7031(c) maddəsinə əsasən, Dövlət Departamenti polis polkovniki Əlimərdanovu 2015 və 2016-cı illərdə insan hüquqlarının kobud şəkildə pozulmasında, yəni məhbuslara işgəncə verilməsində iştirakına görə sanksiya siyahısına daxil edib.

Məlumatda deyilir ki, ölkənin immiqrasiya və vətəndaşlıq aktına əsasən, sanksiya tətbiq edilmiş fiziki şəxslərin və ya qurumların Birləşmiş Ştatlarda, yaxud ABŞ şəxslərinin ixtiyarında, nəzarətində olan bütün əmlakı bloklanır.

Azərbaycan Daxili İşlər Nazirliyindən bununla bağlı münasibət öyrənmək hələlik mümkün olmayıb.

Əlimərdanov 2015-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub.

XS
SM
MD
LG