Fevralın 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.
"General-polkovnik Z.Həsənov Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib" , məlumatda deyilir.
Danışıq zamanı tərəflər baş verən terror hadisələrini kəskin qınayıb, regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələr arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Eyni zamanda Fevralın 1-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı baş tutub. DSX-nın Mətbuat mərkəzindən verilən məlumata görə, tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə etmiş, ölkələr arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Xatırlatma
Azərbaycan Milli Məclisi noyabrın 19-da Azərbaycan hökumətinin İsraildə səfirlik açmasına razılıq verib.
Prezident İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında noyabrın 26-da sərəncam imzalayıb.
Azərbaycanın İsraildə səfirlik açmaq qərarı çoxsaylı beynəlxalq qurumlar tərəfindən dəstəklənib. İsrail hökuməti Azərbaycanın Tel-Əvivdə səfirlik açmasını strateji müttəfiqlik əlaqələrinin gücləndirilməsinə işarə kimi qiymətləndirib.
Azərbaycanın İsraildə səfirlik açması barədə qərarı İran-Azərbaycan münasibətlərində gərginlik yaşandığı vaxta təsadüf edir. Anti-İsrail ideologiyasına əsaslanan mövcud İran hakimiyyəti bir qayda olaraq Azərbaycanın İsraillə münasibətlərinə tənqidi mövqe bəsləyib.