Pəhləvi tərəfdarlarının "vəkalət" kampaniyası iranlı müxalifət qüvvələri arasında sərt mübahisələr yaradıb

İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin tərəfdarları tərəfindən başladılan "vəkalət" kampaniyası iranlı müxalifət qüvvələri arasında ciddi qütbləşmə və polemikaya səbəb olub.

Yanvar ayının 17-dən bəri çox sayda Pəhləvi tərəfdarları sosial mediada farsca "mən vəkalət verirəm" haştaqı ilə yazılar paylaşaraq Rza Pəhləvini beynəlxalq ictimaiyyətdə İran əhalisini təmsil etmək üçün vəkil təyin etdiklərini elan etməyə başlayıblar.

Qarşı tərəfdə isə cümhuriyyətçi, feminist və solçu qruplardan bəzi qüvvələr, eləcə də türk, ərəb, kürd, bəluç, lur və türkmən kimi qeyri-fars icmalara mənsub siyasi fəallar Rza Pəhləviyə vəkalət kampaniyasını "fərdiyyətçilik" kimi dəyərləndirib və İslam Respublikasına qarşı mübarizə göstərən müxtəlif qüvvələr arasında mümkün ittifaqın təşkilinə əngəl törədəcəyini önə sürürlər. Kampaniyanın bəzi müxalifləri "mən vəkalət vermirəm" haştaqı ilə yazılar paylaşır.

"Mən vəkalət verirəm" kampaniyası Rza Pəhləvinin farsdilli Manoto televiziyasına müsahibəsində söylədiklərinə cavab olaraq başladılıb. Pəhləvi yanvarın 16-da verdiyi müsahibədə deyir ki, "əgər biz sabah İran əhalisi adından beynəxalq səviyyədə gərəkli məsləhətləşmələr və müzakirələri aparacağıqsa, bunun daxildəki siyasi məhbuslar, mədəni fəallar, habelə intellektual və siyasi cərəyanlar adından və onların dəstəyi ilə olduğunu göstərmək lazimdir".

Pəhləvinin bu sözlərindən çox qısa müddət sonra onun çox sayda tərəfdarı, o cümlədən məşhur idmançılar, sənətkarlar, siyasi fəallar və jurnalistlər tərəfindən müsbət cavab gəldi.

İranın futbol üzrə milli yığmasının keçmiş oyunçusu Əli Kərimi yanvarın 17-də "Mən vəkalət verirəm" haştaqı ilə öz Twitter hesabında yazıb ki, "mən uşaq öldürən rejimdən keçid dövrü, habelə azad və abad bir İrana azad bir referandum keçirmək üçün şahzadə Rza Pəhləviyə vəkalət verirəm".

Məşhur idmançının həmin paylaşımını təqribən 150 min istifadəçi bəyənib.

Bəzi siyasi fəallar Pəhləvi höküməti dönəmində qeyri-fars icmalara tətbiq edilən "zülm və təzyiqlərə" işarə edərək "Pəhləviyə vəkalət" kampaniyasını rədd edirlər.

"Yurdumun insanlarını qətlə yetirənlərin oğlu və nəvəsinə heç vaxt vəkalət verməyəcəyəm" , feminist ərəb fəal Heyfa Əsədi öz Twitter səhifəsində paylaşıb.

Siyasi fəal Mehdi Cəlali Tehrani isə yazıb ki, Pəhləvi ən azından, Azərbaycandakı qanlı repressiyanı Azərbaycanın nicatı günü kimi qiymətləndirdiyi gündən bəri xalq arasında nifaq salan adam oldu. O, öz türk vətəndaşlarının tarixi dərdlərini artırmağa, tarixi yaralarına duz səpməyə necə cürət edir?"

Tehrani Rza Pəhləvinin keçən ay paylaşdığı bir yazıya işarə edir. Pəhləvi dekabrın 12-də öz səhifəsində paylaşdığı bir yazıda 1946-cı ildə İran ordusunun Təbrizə hücumu və Azərbaycan Milli Hökümətinin devrildiyi günü Azərbaycanın nicat günü və İran xalqının həmrəylik günü adlandırıb.

Rza Pəhləvi tərəfdarlarının başlatdığı vəkalət kampaniyasını müsbət qarşılayıb. O, şənbə günü yaydığı bir bəyanatda "Mən vəkalət verirəm" haştaqına qatılanlara təşkkür edib.

"[Mənə olan] bu etimadın ictimai şəkildə ifadə edilməsi mənə və sizin etimad etdiyiniz başqa şəxslərə beynəlxalq səviyyədə müzakirələrdə sizi daha güclü və daha açıq bir şəkildə təmsil etməyə imkan verəcəkdir" , Pəhləvinin bəyanatında deyilir.

Pəhləvi, həmçinin "minimum prinsipləri qəbul edən bütün demokratik qüvvələr, şəxslər, partiyalar və qruplar" ilə əməkdaşlığa hazır olduğunu qeyd edib. O, İranın ərazi bütünlüyü, insan haqlarına əsaslanan dünyəvi demokratiya və əhalinin azad seçkilər yolu ilə siyasi nizamın şəklini təyin etmə haqqını üç minimum prinsip olaraq açıqlayıb.