Güneyli milli fəal Hüseyn Xudayi müvəqqəti olaraq sərbəst buraxılıb

Hüseyn Xudayi

Təbrizdə yaşayan azərbaycanlı milli fəal Hüseyn Xudayi təqribən 6 həftə nəzarətdə saxlandıqdan sonra yanvarın 19-da müvəqqəti olaraq sərbəst buraxılıb.

Bu barədə Azərbaycan İnsan Haqları Cəmiyyəti-Ərk və HRA xəbər Agentliyi məlumat yayıb.

Cənab Xudayi keçən il dekabrın 7-də Təbrizdə iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Təhlükəsizlik qüvvələri milli fəalı həbs edərkən evində reyd keçirib bəzi şəxsi əşyalarını da müsadirə ediblər. Bu türk fəalı həbs olunanda HRA xəbər agentliyi tanışlarından birinə istinadən onun cib telefonunun müsadirə olunduğunu bildirmişdi.

SEE ALSO: İki Təbriz sakini həbs edilib

Bəzi İran Azərbaycanında xəbərləri əks etdirən sosial media hesabları Xudayinin nəzarətdə olduğu müddətdə ailəsilə əlaqə saxlaya bilmədiyini qeyd edib.

Onun təhlükəsizlik qüvvələrinin nəzarətində olduğu və dindirildiyi uzun müddət ərzində onun harada olması və səhhəti barədə ailəsinin məlumatı olmayıb.

Xudayi, Təbriz Mərkəzi Həbsxanasına köçürülənə qədər ailəsi ilə əlaqə saxlamaq hüququndan məhrum edilmişdi.

Hələlik bu güneyli fəala qarşı irəli sürülən ittihamlarla bağlı məlumat yoxdur.