Yanvarın 17-də Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin siyasi məhbuslara azadlıq tələbi ilə başladığı aclıq aksiyası davam etdirilib.
Bu gün 3 nəfər aclığı dayandırıb, daha 2 nəfər AXCP Sabirabad rayon təşkilatının fəalları Sahib Rüstəmli və Adil Baba aclığa başlayıb.
Müsavat Partiyasının qərargahında artıq 9 gündür 11 nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı aclıq edir. AXCP-nin daha 3 fəalı isə Ağdaş rayonunda aclıq edir.
Hazırda Tofiq Yaqublu, həyat yoldaşı Maya Yaqublu, Bəxtiyar Hacıyev də daxil olmaqla 18 fəal aclıq aksiyasını davam etdirir.
Beləliklə, AXCP 14 fəalı, - Faiq Nağıyev, Zəkirulla Nağıev, İsmailəddin Qasımov, Şirvan Sultanov, Akif Ağayev, Rövşən Səfərov, Ruslan Əmirov, Hicran Ağayev, Sahib Rüstəmli, Adil Baba, Ağdaş rayonunda Qorxmaz Əbdurrəhimov, Məzahir Rəhimov, Rövşən Rəhimov və ictimai fəal Nüsrət Həsrətli aksiyanı davam etdirir.
Həkim Adil Qeybulla yanvarın 17-da Tofiq Yaqublunun qızı Nigar Həzi ilə birgə 3 saatadək onunla görüşüb, müayinə edib. Onun sözlərinə görə, Yaqublu aclığı davam etdirir.
“Tofiq Yaqublunun vəziyyəti stabildir, gemodinamik göstəriciləri stabildir, qan təzyiqi 120/80-dir, saturasiyası normaldır, nəbzi 90-dır. Ona infuziya etdik, çünki aclıq səbəbindən bədənində elektrolitlər çatışmır”, o qeyd edib.
Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu Amerikanın Səsinə bildirib ki, aclığı davam etdirmək əzmindədir.
“Səhhətimdə ciddi problemlər yaransa da Tofiq bəy aclığı davam etdirənədək dözəcəm,” o qeyd edib.
Bununla yanaşı, yanvarın 17-də vəkillərin COVİD testinin cavabları gec məlum olduğundan onlar 1 saylı Bakı İstuintaq Təcridxanasında aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkə bilməyiblər.
İndiyədək rəsmi qurumlar aclıq aksiyası keçirənlərin tələblərinə münasibət bildirməyib.
Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan haqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.
Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.
Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq, həmçinin siyasi məhbuslara azadlıq tələbi ilə aclıq elan etdiyini bildirib. Sonra isə xəstəxanaya köçürülüb.
İctimai fəal Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Sonra ittiham daha da ağırlaşdırlıb və onu 3 ildədk həbs gözləyir. Amma özü ittihamı qəbul etmir.
Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.
Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.
“Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq,” o bildirib.