Bakıda qəza vəziyyətində və şəraitsizlikdə yaşayan məcburi köçkünlər
Bakının şəhər mərkəzindən təxminən 7-8 kilometr aralıqda yerləşən Hacı Zeynalabdin Tağıyev adına Toxuculuq Fabrikinin qəza vəziyyətində olan yataqxanasında 35 məcburi köçkün yaşayır.
Sakinlər dəhlizdə özləri üçün hazırladıqları kiçik mətbəxdə gündəlik qida ehtiyaclarını qarşılayırlar.
Hamam və tualeti ümumi olan yataqxanada növbənin olması adi hala çevrilib.
Burada yaşayanların əksəriyyəti yuyulmuş paltarlarını yataqxananın damında asmağa məcbur olur.
Yataqxanada nəmişlikdən binanın beton qatları yararsız hala düşüb.
Hər dəfə yağış yağanda yataqxananın vəziyyəti daha da pisləşir.
Sakinlər artıq 30 ildən artıqdır ki, bu vəziyyətdə yaşayırlar.
Cəbrayıl rayonun Hacılı kəndindən məcburi köçkün olan Cəmilə Abbasova binanın qəza şəraitində olduğunu və İkinci Qarabağ Müharibəsindən öncə rəsmilərin sakinlərin başqa binaya köçürüləcəyinə söz verdiyini dedi.
“Müharibədən sonra geri qayıtmağımızla bağlı sualımıza cavab verdilər ki, əvvəlcə şəhid və qazi ailələri yerləşdiriləcək, digər məcburi köçkünlər də hazırlaşsınlar və növbələrini gözləsinlər” - deyə Cəmilə Abbasova bildirdi.
Sakinlər bildirir ki, 2017-ci ildən bəri dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyinə, Xətai Rayon İcra Hakimiyyətinə binanın qəza vəziyyətində olması, binadakı şəraitsizlik haqda şikayət etsələr də, şikayətlərinə müsbət cavab verilməyib.