Azərbaycan və İsrail arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və İsrail bayrağı

Dekabrın 28-29-da Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevin İsrail Dövlətinə işgüzar səfəri zamanı Azərbaycan və İsrail Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail tərəfindən Xarici İşlər Nazirliyinin Siyasi Direktorluğunun rəhbəri Aliza Bin Nun rəhbərlik edib.

“Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələri üzrə hazırkı vəziyyət və inkişaf perspektivləri, Azərbaycanın İsraildə Səfirliyinin açılması ilə bağlı praktiki məsələlər müzakirə olunub”, məlumatda qeyd edilir.

Azərbaycan nümayəndə heyəti həmçinin İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Alon Uşpitz ilə, Azərbaycan İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev isə İsrailin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin (MASHAV) rəis müavini Aviv Ezra ilə görüşüb.

İsrailə səfər çərçivəsində İsrailin təhsil və elmi araşdırma mərkəzlərinin nümayəndələri ilə də görüşlər təşkil olunub.

Azərbaycan Milli Məclisi noyabrın 19-da Azərbaycan hökumətinin İsraildə səfirlik açmasına razılıq verib.

Prezident İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında noyabrıpn 26-da sərəncam imzalayıb.

Azərbaycan qərarı çoxsaylı beynəlxalq qurumlar tərəfindən dəstəklənib. İsrail hökuməti Azərbaycanın Tel-Əvivdə səfirlik açmasını strateji müttəfiqlik kimi qiymətləndirib.