Dekabrın 27-də Təbrizin Vadi-Rəhmət qəbiristanlığında Təbriz Azad Universitetinin tibb fakültəsi tələbəsi Aylar Həqqinin qırx mərasimi keçirilib. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində mərasimdə iştirakçılarla həmin qüvvələr arasında qarşıdurma baş verib.
Aylar Həqqinin qırx mərasimində iştirak edənlər onun məzarı üstündə hökumət əleyhinə şüarlar səsləndiriblər. Sosial mediada yayımlanan videolarda bu tədbirdə iştirak edən etirazçıların "Biz hamımız Aylarıq, azadlığı haylarıq" və "Azərbaycan yatmayıb, Aylar qanı batmayib" kimi şüarların səsləndirdiyi müşahidə olunur.
Həmçinin mərasimdə iştirak edənlər tərəfindən Əli Xameneiyə qarşı "Xamenei qatildir, hökuməti etibarsızdır", "diktatora ölüm" və "hökumət radio və televiziyası rüsvayçılıqdır" kimi fars dilində şüarlar səsləndirilib.
Təbriz Azad Universitetinin tibb fakültəsi tələbəsi mərhum Aylar Həqqinin atası qızının məzarı üstündə çıxış edərək deyib ki, "Allahdan diləyirəm ki, iki dəqiqə ərzində həm müstəntiq olan, həm hakim olub qərar verən bütün Həqqi ailəsinin etibarını tapdalayan İran radio-televiziyası müxbirinin günahından keçməsin".
Həqqi ailəsinin dövlət televiziyasına olan bu tənqidi çox güman ki, "Ayların ölüm gecəsi normal vəziyyətdə olmadığı və dostlarından birinin avtomobilindən düşərək qazıntı çuxuruna düşdüyünə" dair yayımlanan verilişə görədir.
Noyabrın 16-da Təbrizdə etiraz aksiyası zamanı 23 yaşlı Aylar Həqqinin ölümündən sonra İslam Respublikasına bağlı media orqanları onun hündürlükdən yıxılaraq yarımçıq binanın qazıntı çuxuruna düşməsi nəticəsində öldüyünü iddia edib. Fars xəbər agentliyi bir binanın kamerasının ləntə aldığı videonu yayımlayaraq, iddia edib ki, hadisə baş verən gecə Aylar normal vəziyyətdə olmayıb. Bu videoda maşından düşən bir qadın müşahidə olunur, lakin həmin şəxsin kimliyini müəyyən etmək mümkün deyil.
İranda etirazlar başlayandan bəri etiraz aksiyalarında iştirak edən vətəndaşlardan heç birinin ölümü ilə bağlı məsuliyyəti İran rejimi öz üzərinə götürməyib, etirazlarda ölənlər üçün hündürlükdən yıxılma, intihar, ürək xəstəliyi və bu kimi ssenarilər nəql edir.
SEE ALSO: Təbrizdə keçirilən etirazlarda tibb fakültəsinin tələbəsi Aylar Həqqi öldürülübSosial mediada təhlükəsizlik qüvvələrinin Aylar Həqqinin qırx mərasiminə hücumu ilə bağlı videolar yayımlanıb. Bu videolardan birində, təhlükəsizlik qüvvələrinin Aylar Həqqinin valideynlərini zorla həbs etdiyi iddia edilir.
Müşahidəçilər bu mərasim zamanı bir neçə nəfərin də təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini deyir, lakin həbs olunanların dəqiq sayı və şəxsiyyətləri barədə hələlik məlumat yoxdur.