Elxan Nuriyevin ailəsi Polşa məhkəməsinin onun xeyrinə qərar verdiyini bildirir

Elxan Nuriyevi Polşa məhkəməsi azadlığa buraxıb (Foto Elxan Nuriyevin facabook səhfəsindən götürülüb)

Polşanın Przemysl Məhkəməsinin qərarı ilə Ukrayna Ali Radasının Hüquq Komitəsinin əməkdaşı və Ukrayna Zabitlər Birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Elxan Nuriyev dekabrın 20-də azadlığa buraxılmalıdır.

Bu barədə Amerikanın Səsinə Nuriyevin ailəsindən bildiriblər.

“Bir qədər əvvəl Polşadan vəkil bizə zəng edib bildirdi ki, məhkəmə Elxan bəyin xeyrinə qərar verib. İndi sənədləri hazırlanır, Elxan bəy Ukraynaya qaytarılacaq,” Elxan Nuriyevin ailəsindən Amerikanın Səsinə deyiblər.

Hazırda Ukraynada yaşayan, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin hakimiyyəti dövründə bu ölkənin Qubadlı rayon İcra Hakimiyyətinin başçısı olmuş Elxan Nuriyev oktyabrın 2-də Polşa ərazisində saxlanılıb. O, Azərbaycan hüquq mühafizə orqanları tərəfindən Interpol xətti ilə axtarışda olub.

Ukrayna vətəndaşı olan Nuriyev son zamanlar Rusiyanın Ukraynaya təcavüzünü tənqid edən müsahibələri ilə yadda qalıb.

Elxan Nuriyev 1992-ci ilin sentyabrından 1993-cü il avqustun 22-dək Qubadlı rayon İcra Hakimiyyətinin başçısı olub. O, 1993-cü ilin sentyabrında Azərbaycanı tərk edərək Ukraynaya gedib. 1993-cü ildə Nuriyev vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılaraq barəsində cinayət işi qaldırılıb.

Bununla yanaşı, ona qarşı qəsdən adam öldürmə ittihamının “Qaranquş işi” ilə bağlı oduğu güman edilir. 31 avqust 1993-cü ildə Qubadlı rayonu işğal ediləndə “Qaranquş işi” kəşfiyyat-diversiya dəstəsinin üzvləri Qubadlı rayon prokurorunu, prokurorluğun müstəntiqini, rayon polis şöbəsinin rəisini və onun sürücüsünü, məhkəmənin sədrini və polis əməkdaşını öldürməkdə ittiham edilib. “Qaranquş işi” dəstəsinin ittiham olunan 9 üzvü 1995-ci ildə çıxarılmış məhkəmə hökmü ilə ömürlük həbsə məhkum edilib.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Qubadlı rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10 (Qəsdən adam öldürmə-təkrar adam öldürmə), 29 (Cinayət etməyə cəhd), 120.2.11 (Banditizmlə əlaqədar adam öldürmə), 309.2 (Vəzifə səlahiyyətlərini aşma- ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb və Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

“Elxan Nuriyevin Azərbaycana ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib,” mətbuat xidməti bildirib.

Belə görünür ki, Polşa məhkəməsi Azərbaycan prokurorluğunun sorğusunu əsaslı saymayıb.

Nuriyevin Polşada saxlanılması və azad edilməsi ilə bağlı Polşa tərəfi hələ məlumat yaymayıb.