Accessibility links

Ukrayna Zabitlər Birliyinin funksioneri Polşada saxlanılıb


Mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı olmuş Elxan Nuriyevin Polşada saxlanıldığı bildirilir.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Elxan Nuriyev Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur və İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Elxan Nuriyev bir qədər əvvəl Ukrayna Ali Radasının Hüquq Komitəsinin əməkdaşı və Ukrayna Zabitlər Birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri olduğunu bildirib.

O, son zamanlar Rusiyanın Ukraynaya təcavüzünü tənqid edən müsahibələri ilə yadda qalıb.

Elxan Nuriyev 1992-ci ilin sentyabrından 1993-cü il avqustun 22-dək Qubadlı rayon İcra Hakimiyyətinin başçısı olub. O, 1993-cü ilin sentyabrında Azərbaycanı tərk edərək Ukraynaya gedib. Nuriyev Ukrayna vətəndaşıdır. 1993-cü ildə Nuriyev vəzifə səlahiyyətləini aşmaqda günahlandırılaraq barəsində cinayət işi qaldırılıb.

Bununla yanaşı, ona qarşı qəsdən adam öldürmə ittihamının "Qaranquş işi" ilə bağlı oduğu güman edilir. 31 avqust 1993-cü ildə Qubadlı rayonu işğal ediləndə "Qaranquş" kəşfiyyat-diversiya dəstəsinin üzvləri Qubadlı rayon prokurorunu, prokurorluğun müstəntiqini, rayon polis şöbəsinin rəisini və onun sürücüsünü, məhkəmənin sədrini və polis əməkdaşını öldürməkdə ittiham edilib. "Qaranquş" dəstəsinin ittiham olunan 9 üzvü 1995-ci ildə çıxarılmış məhkəmə hökmü ilə ömürlük həbsə məhkum edilib.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Qubadlı rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10 (Qəsdən adam öldürmə-təkrar adam öldürmə), 29 (Cinayət etməyə cəhd), 120.2.11 (Banditizmlə əlaqədar adam öldürmə), 309.2 (Vəzifə səlahiyyətlərini aşma- ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb və Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

"Elxan Nuriyev oktyabrın 2-də Polşa Respublikasının ərazisində saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib" , mətbuat xidməti bildirir.

Öz növbəsində, Elxan Nuriyevin vəkili və yaxınları hələ onun saxlanılması ilə bağlı məlumatlara münasibət bildirməyib.

Polşa hüquq-mühafizə orqanları da Nuriyevin saxlanılması ilə bağlı hələ açıqlama verməyib.

XS
SM
MD
LG