Avropa İttfaqının Ermənistandakı Monitorinq Missiyası mandatını başa vurub, uzunmüddətli missiyanın göndərilməsi müzakirə edilir

Belgium Europe Brexit

Avropa İttifaqının (Aİ) bu ilin oktyabrında Ermənistana göndərdiyi Monitorinq Missiyası (EUMCAP) dekabrın 19-da mandatını tamamlayıb.

Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

“Oktyabr ayında işə salınan Aİ-nin Ermənistanda Monitorinq Qrupunun mandatı bu gün başa çatır. Ermənistan, Azərbaycan, Avropa Şurası və Fransa liderləri arasında əldə edilmiş razılaşmaya əsasən, Avropa İttifaqının Ermənistandakı missiyası oktyabrın 20-də yerlərdə vəziyyətin monitorinqi, təhlili və hesabatlılıq məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca yerləşdirilib”, məlumatda deyilir.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borell bildirib ki, 40 avropalı monitorinq ekspertinin yerləşdirilməsi effektiv olduğunu sübut edib və qeyri-sabit vəziyyətdə etimadın yaradılmasına töhfə verib.

"Biz regionda davamlı sülhü təşviq etmək məqsədi ilə Ermənistanda mümkün uzunmüddətli Aİ missiyası üçün zəmin hazırlayacaq Keçid Qrupu ilə Aİ-nin Cənubi Qafqazda fəaliyyətinin yeni mərhələsinə başlayırıq", Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi bildirib.

Məlumata görə, bu fonda Şura Ermənistan hakimiyyəti ilə razılaşaraq, qərara gəlib ki, Aİ-nin Gürcüstandakı Monitorinq Missiyası (AİMM Gürcüstan) Aİ-nin təhlükəsizlik vəziyyəti barədə məlumatlılığını artırmaq və ölkədə mümkün mülki Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti missiyasının planlaşdırılması və hazırlanmasına töhfə vermək üçün Ermənistana müvəqqəti planlaşdırma yardım qrupu göndərsin.

“Keçid planlaşdırılma yardım qrupunun həmçinin Ermənistan və Azərbaycan arasında Aİ-nin dəstəyi ilə normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə dəstək verməsi gözlənilir” məlumatda deyilir.

Xatırlatma

Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib.

Bu barədə oktyabrın 17-də Avropa İttifaqı Şurasının açıqladığı məlumatında deyilir.

Bu qərar oktyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında dördtərəfli görüşdən sonra qəbul edilib.

Məlumatda bildirildiyinə görə, məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasına, etimadın möhkəmləndirilməsinə və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir.

"Ermənistanın Azərbaycanla beynəlxalq sərhədinə 40-dək Avropa İttifaqı müşahidəçisinin göndərilməsi etimadın möhkəmləndirilməsinə, həyatı təhdid edən və münaqişənin həlli prosesini təhlükə altına alan vəziyyətin sabitləşməsinə yönəlib. Bu, Avropa İttifaqının Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına tam sadiqliyinə bir daha sübutdur," xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Cosef Borel bildirib.

Avropa İttifaqı müşahidəçilərinin çevik yerləşdirilməsini təmin etmək üçün onların müvəqqəti olaraq Avropa İttifaqının Gürcüstandakı müşahidəçilər missiyasının tərkibindən göndərilməsi qərara alınıb,

Sənəddə monitorinq missiyasının müvəqqəti xarakter daşıyacağı və iki aydan çox sürməyəcəyi bildriilib.