İran Azərbaycanında mədəni fəallar Azərbaycan Milli Hökümətinin 1946-cı ildə devrilməsindən sonra Pəhləvi höküməti tərəfindən türkcə kitabların yandırılmasının 76-cı ildönümünü qeyd ediblər.
Sosial şəbəkələr və internet səhifələrində yayılan görüntü və xəbərlərə əsasən, keçən günlərdə Urmiyə və Qoşaçay daxil olmaqla Qərbi Azərbaycan vilayətinin bəzi şəhərlərində ənənəvi türkcə kitab paylama kampaniyaları təşkil olunub.
1946-cı ilin dekabrında Seyyid Cəfər Pişəvərinin öndərliyi ilə qurulmuş Azərbaycan Milli Hökuməti devrildikdən sonra həmin hökumət dönəmində çap olunmuş türkcə kitablar İran Ordusu tərəfindən yandırılıb. Türk fəallar dekabr ayının 17-ni “Güney Azərbaycanda Kitab Günü” adlandıraraq bu hadisənin ildönümünü qeyd edirlər.
Məşhur cərrah Şapur Ənsari daha əvvəl Amerikanın Səsi ilə söhbətdə milli hökumətin devrilməsindən sonra türkcə dərsliklərinin yandırılması ilə bağlı təəssüratını bölüşüb.
SEE ALSO: "Türkcə kitablarımın yandırılmasına səbəb olanları bağışlamayacağam" [Audio-Müsahibə]Həmin illərdə üçüncü sinifdə təhsil alan cənab Ənsari deyib ki, “dedilər bu dil pis dildir, kitablarınızı gətirib yandırın. Mən özüm də günahkaram. Kitabları yandıranda mən də iştirak etdim. Evdən türkcə kitablarımızı və qəzetləri gətirib yandırdıq... O olayı heç vaxt unutmaram. Buna səbəb olanları, heç kəsi isə heç zaman bağışlamaram.”
Mərhum Rza Bərahəni isə həmin dövrdən müşahidələri haqqında belə yazıb:
“Onlar bizi türk dilində yazılmış dərslikləri Təbrizin Şəhrdari (Bələdiyyə) meydanına toplamağa və onları yandırmağa məcbur etdilər. Kitabların alovları bizim başımız üstündə dar ağacından asılmış kişilərin ayaqlarına qədər qalxırdı.”