Accessibility links

İran Azərbaycanında türkcə kitab paylama kampaniyaları davam edir


İran Azərbaycanının müxtəlif şəhər və kəndlərində türk dil haqları fəallarının Dünya Ana Dili Günü ərəfəsində başlatdığı türkcə kitab paylama kampaniyaları davam edir.

Sosial mediada paylaşılan xəbərlər və görüntülərə istinadən, Urmiyə şəhərinin mədəni fəalları 21 fevral bazar günündə də şəhərin müxtəlif məhəllələrində uşaqlar və yeni yetmələrə türk dilində kitablar hədiyə etməyə davam ediblər.

Güney Azərbaycan Televiziyası (Günaz TV) Ərdəbil vilayətinin Muğan bölgəsində də oxşar kampaniyaların təşkil edildiyinə dair məlumat yayıb. Muğan Parsabad şəhərində türk dilində yüzlərlə uşaq kitablarının paylaşıldığı bildirilir.

Keçən bir neçə günün ərzində Təbriz, Meşginşəhr və Ərdəbil kimi şəhərlərdə də minlərlə türkcə kitabın paylaşıldığına dair görüntülər sosial şəbəkələrdə yayılıb.

Daha əvvəl də Dünya Ana Dili Günü, yeni dərs ilinin başlanması, habelə Azərbaycan Milli Hökumətinin (1945-46) ildönümü münasibətilə İran Azərbaycanının müxtəlif şəhərləri və Tehranda kitab paylama kampaniyaları təşkil olunub.

Qısa ömürlü Azərbaycan Milli Höküməti dövrü istisna olmaqla, Pəhləvilər İranda hakimiyyətə gəldikdən bəri İran Azərbaycanının məktəblərində ana dili tədris edilməmişdir.

İslam Respublikası dövründə rəsmilər dəfələrlə türk dilinin məktəblərdə tədris ediləcəyinə dair sözlər və açıqlamalar verib, lakin bu, əməldə heç zaman həyata keçirilməyib.

2008-ci ildən bəri Dünya Ana Dili Günü tədbirlərini təşkil edən və bu tədbirlərə qatılan yüzlərlə türk fəal nəzarət altına alınıb və həbs cəzaları ilə qarşılaşıb.

XS
SM
MD
LG