Dekabrın 8-də Bakının Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında məhkəmə başlayıb.
İcra şöbəsinin məmurları məhkəmə binasına jurnalistləri və Hacıbəylinin tərəfdarlarını buraxmayıb. Hətta bəzi jurnalistlərin və insanların məhkəmə binasına daxil olmasımnın kobud şəkildə qarşısını alıblar.
Gültəkin Hacıbəyli bildirib ki, yarım saata davam edən məhkəmə iclasında dövlət tərəfindən təyin edilən vəkildən imtina edib və növbəti məhkəmə iclası dekabrın 16-na təyin edilib. O, iddianın siyasi sifariş olduğu qənaətindədir. Belə ki, Facebook profilində Azərbaycanda bölücülüyə çağırış olan bir statusa şərh yazdığına görə xüsusi ittiham qaydasında məhkəməyə verilib.
"Mənim məlumatım olmadığı halda, mənə xəbərdarlıq edilmədən, sərhəd xdimətinin ölkədə olmadığım barədə arayışı olduğu halda məhkəmə saxlanmağımla bağlı qərar qəbul edib. Bu artıq siyasi sifariş əsasında mənə qarşı təzyiqdir, təqibdir. Çünki mən heç bir cinayət etməmişəm" , o qeyd edib.
Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, məhkəmə siaysi sifarişlidir və müxalifətə qarşı yönəlib.
"Hər gün sosial mediada minlərlə belə səpkili yazı gedir. Gültəkin xanımın adı olmasa idi məhkəmə də olmazdı. Çünki istifadə olunan ifadənin cinayət tərkibi yoxdur. Azərbaycanın Cinayət Məcəlləsində bunun təfsiri yoxdur. Buna yalnız yuxarıdan sifariş olanda diqqət yetirilir", o qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ittihamı absurd adlandırıb. Hesab edir ki, belə ittihamı hüquqi nəticəyə aparıb çıxarmaq çöx çətindir.
"Biz Azərbaycan vətəndaşlarının milli, etnik, dini, sosial, cinsi ayrımlarından asılı olmayaraq hamının konstitusiya qarşısında hüquq bərabərliyindən ötrü mübarizə aparırıq. Normalda ölkənin gündəmi Gültəkin Hacıbəylinin üzərində qurulan məhkəmə olmalı deyildi. Bu gün ölkənin gündəmi dəhşətli korrupsiya, yüz milyardlarla pul oğurlanır, dəhşətli bahalaşma, qış gəlib, havalar soyuyub, insanlar evlərini qızdıra bilmir, yoxsulluq, işsizlik, ədalətsizlik, haqsızlıq olmalı idi" , o qeyd edib.
Öz növbəsində, qarşı tərəfin nə özü, nə də müdafiəçiləri məhkəməyə gəlməyib. Bu səbəbdən onlarla əlaqə saxlamaq mümkün olmayıb.
Gültəkin Hacıbəyli barəsində bu il oktyabrın 27-də Cinayət Məcəlləsinin 147.2 maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə xüsusi ittiham qaydasında cinayət işi açılıb. O, xarici ölkədə olduğu halda məhkəmə xəbərdarlıq etmədən iddianı icraata götürüb və barəsində saxlanma qərarı çıxarıb.
Noyabrın 30-da Gültəkin Hacıbəyli xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanılıb. O, bir neçə saat saxlanıldıqdan sonra Bakının Nəsimi rayon Məhkəməsinə aparılıb və hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasından sonra sərbəst buraxılıb.
Vəkil Bəhruz Bayramov bildirib ki, Leyla Arif adlı Facebook istifadəçisi onun statusuna şərh yazdığına görə Gültəkin Hacıbəylini xüsusi ittiham qaydasında məhkəməyə verib.
Gültəkinn Hacıbəyli Milli Məclisin keçmiş deputatı, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü olub. O, sonradan müxalifətə keçib. Müxalif qüvvələrin prezidentliyə keçmiş vahid namizədi Cəmil Həsənlinin rəhbərlik etdiyi Demokratik Qüvvələrin Milli Şurasının funksinerlərindən biridir.