İlhamə Kərimova əvvəllər gözəllik salonunda çalışsa da, bir aydan çoxdur ki, işsizdir. Həyat yoldaşı Urfan Kərimov isə restoranda aşpaz kimi fəaliyyət göstərir. Deyir ki, övladlarının təhsili üçün bəzən istirahət günü də daxil, fasiləsiz işləyir, amma yenə də aylıq xərcləri çatdıra bilmir.
Urfan Kərimov, aşpaz: "Əvvəl elə deyildi, əlli manat da, yüz manat da olsa, evdə pulum olurdu. Yəni ərzağımdan başqa, 100 manatım qalırdı, 150 manatım qalırdı. İndi onu saxlamaq mümkün deyil".
İlhamə Kərimova, saç ustası: "Əvvəl məsəlçün, gedirdik, 30 dənə yumurtanı birdən alırdıq, indi elə etmirik, 10 dənə yumurta alırıq. Əvvəl 5 kq şəkər tozunu birdən alırdıq, indi 2 kq alırıq. Yəni çox çətindir. 50 manata, demək olar ki, bazarlıqdan heç nə düşmür".
Dövlət Statistika Komitəsinin 2021-ci il hesabatında ərzaq xərcləri ölkə üzrə 43,6 faiz təşkil edib. Eyni zamanda statistikada istirahət və mədəniyyət xidmətlərinə 3,7 faiz, təhsilə edilən xərc isə cəmi 1,6 faiz göstərilib. 2022-ci ilin yanvar-oktyabr aylarına görə ərzaq xərcləri artıq 51 faizi keçib.
Şəhərdə sorğu:
"Ancaq ərzağa çatır, başqa şeyə çatmır. 305 manat. 305 manat pensiya alıram, ancaq elə yeməyə çatır. Başqa şeyə çatmır".
"Ay qızım, bu dəqiqə, nəyə çox xərcləyirəm deyəndə ki, pulun çoxu marketlərə, dükanlara gedir, produkta, ərzaq yəni ki".
"Bilinmir ki, heç. Çörəyə çatdıra bilmirik, kirayədir bir də. Yoxsuluq da, mən nə deyim ki".
"Uşaqlara, nəvələrə, ancaq olsun produkt".
"Nəvələrim çoxdur, birinin ad günü olur, birinin xeyir işi, biri instituta girir. Çatdırmaq olmur, xeyr".
"Supermarket, kommunal və uşaqların istəkləri".
İqtisadçı-ekspert Fərid Mehralızadə deyir ki, insanların büdcəsində qida və ərzaq xərcləri nə qədər çox yer tutursa, həmin şəxslərin iqtisadi inkişaf göstəriciləri bir o qədər aşağıdır:
"Biz inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, həmin ölkələrdə ərzaq xərcləri insanların ümumi xərclərinin 10-15 faizini təşkil edir. Amma Azərbaycanda bu, 55 faizə yaxındır. Demək, bu, onu göstərir ki, insanların gəlirləri sadəcə onların ən zəruri xərclərini qarşılamağa yetir. Amma inkişaf etmiş ölkələrdə insanlar təhsil, səviyyə, digər sosial xərclərə də, eləcə də, asudə vaxt, əyləncəyə kifayət qədər çox məbləğ ayıra bilirlər".
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda orta aylıq adambaşına gəlir 300,6 manat olduğu halda, xərc 308,6 manat təşkil edib.
Ekspert hesab edir ki, insanların xərclərini müəyyən edən amil, ilk növbədə, onların gəlir səviyyəsidir.
"Maraqlı tendensiya ondan ibarətdir ki, beynəlxalq təşkilatlar hökumətlərə onu tövsiyə edir ki, siz qiymətləri tənzimləməkdənsə, insanların gəlirini artırmağa çalışın. Çünki insflyasiya artıq o həddədir ki, siz onunla mübarizə aparmaqda çətinlik çəkəcəksiniz. Amma sadəcə insanların gəlirlərini artıraraq biz prosesi nisbətən yumşalda bilərik. Bu baxımdan, mən Azərbaycanda, ilk növbədə, minimum hədlərin reallığa uyğun təyin edilməsini vacib hesab edirəm".
Kərimovlar deyir ki, bir neçə il əvvəl ev tikməyə başlasalar da, indiki qiymət bahalığı işlərini yarımçıq qoyub. Hazırda nə evlərini təmir edə, nə də kreditsiz yaşaya bilirlər. Bununla yanaşı, ailə ən çox pulu uşaqların dərs hazırlıqlarına və kommunala xərcləyir.
İlhamə Kərimova: "Heç olmasa, qazın limitini götürsünlər. Özünüz görürsünüz odun atırıq peçə. Qazın limiti, işığın, suyun limitini azaltsınlar, heç olmasa."
Kərimovlar ailəsi üçün geyim və istirahət xərcləri ən sonuncu yerdədir.
Urfan Kərimov: "Əvvəl mən 3 il bundan qabaq stabil dolanışıq edəndən sonra əlavə pulum qalırdı. Məsəlçün, götürürdün uşaqları parka aparırdın, ora aparırdın, bura aparırdın. İndi heç yana apara bilmirsən".
İlhamə Kərimova: "Uşaqların əyin-başıdır, sağ olsun, qonşu verir elə kurtkanı. Biz elə şeylərdən utanmırıq. Uşaqlarım da elə. Biz onların əyin-başına da pul versək, çatdırmarıq".