ABŞ-ın NATO-dakı keçmiş səfiri və Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker Amerikanın Səsinə müsahibəsində Ukraynanın hərbi qələbə qazanmaq ehtimalı, regiona davamlı sülhün perspektivləri, NATO-nun mümkün müdaxiləsi və Ukraynanın gələcəkdə NATO-ya daxil olmaq ehtimalından danışıb.
Amerikanın Səsi: Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli bu yaxınlarda Ukrayna ordusunun yaxın gələcəkdə qələbə qazanması ehtimalının yüksək olmadığını bildirib. Buna münasibətiniz necədir?
SEE ALSO: Pentaqon Ukraynaya dəstək vəd edir, yaxın gələcəkdə hərbi qələbənin olmayacağını bildirirKurt Volker: Bəli, bu, çox diqqətli bir şəkildə edilmiş bir bəyanatdır. "Yaxında baş vermə ehtimalının yüksək olmaması." Bu o demək deyil ki, ukraynalılar qalib gəlməyəcək, və bu onların qalib gəlmə ehtimalının aşağı olması demək deyil. Bu o deməkdir ki, növbəti bir neçə həftə və ya aylarda, müharibə hələ də davam edəcək. Lakin bu müddət ərzində Ukrayna Rusiya qüvvələrinə hücumunu davam etdirəcək. Onlar daha çox ərazi tutmağa davam edəcəklər. Onlar Rusiyanın logistikasını, tədarük zəncirlərini pozacaqlar. Onlar Rusiya qüvvələrini maddi-texniki təminatdan məhrum olduqları yerdə təcrid edəcəklər. Və bu, zamanla yavaş-yavaş Ukraynaya üstünlük verəcək.
Amerikanın Səsi: Bəzi ekspertlər deyirlər ki, Ukrayna bu müharibədə qələbə qazansa belə, hərbi qələbə uzunmüddətli sülhü təmin etmək üçün kifayət olmaya bilər. Sizcə də bu belədirmi? Hansı nəticə regiona davamlı sülh gətirə bilər?
Kurt Volker: Bəli. Məncə, bu, çox gözəl bir sualdır, çünki nə qədər ki, Rusiya öz qonşularına hücum etmək, onları öldürmək və onların ərazilərini ələ keçirmək hüququna malik olduğuna inanır, biz sülhə nail ola bilməyəcəyik. Rusiya bir çox ölkələrə zorakılıq tətbiq edəcək və bu ölkələr özlərini müdafiə edəcəklər. Beləliklə, bizim həqiqətən də ehtiyac duyduğumuz odur ki, Rusiya bu təcavüz cinayətinə və bu müharibəyə başlayaraq etdiklərinə görə məsuliyyəti üzərinə alsın və gələcəkdə öz sərhədləri daxilində yaşamağa razı olsun. Burada söhbət təkcə Rusiyanın hücum etdiyi və ukraynalıları öldürdüyü Ukraynadan deyil, həm də ərazisinin 20 faizini işğal etdiyi Gürcüstandan, eləcə də Moldovadan da gedir. Rusiya Putin rejiminin cinayətlərinə görə məsuliyyəti üzərinə götürməli və gələcəkdə öz sərhədləri daxilində yaşamağa razı olmalıdır.
SEE ALSO: Rayan MakBet: "Bundan sonra hər iki tərəf həm Dnepr çayının cənubunda, həm də şərqdə istehkamlanacaq"Amerikanın Səsi: Bazar ertəsi NATO-nun Baş katibi Yens Stoltenberq NATO üzvlərini Ukraynanın “Avropada suveren, müstəqil, demokratik dövlət” olmasını təmin etmək üçün Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb. Ukrayna prezidenti Volodimir Zelenski Assambleyadakı çıxışında NATO-nun Ukraynaya dəstəyinin vacibliyini vurğulayıb və alyansı Ukraynanı Aİ və NATO-ya qəbul etməyə çağırıb. Lakin bu ilin əvvəlində Ukraynaya Aİ tərəfindən namizəd statusu verilsə də, NATO ona Üzvlük Fəaliyyət Planı təklif etməyib. Bunun səbəbi nədir? Ukraynanın gələcəkdə NATO-ya daxil olmaq ehtimalı nədir?
Kurt Volker: Əvvəla, bəli, mən inanıram ki, Ukrayna gələcəkdə NATO-nun üzvü olacaq və olmalıdır. Ancaq bu gün bunun olmamasının səbəbi müharibənin davam etməsidir. NATO özünü Rusiya ilə müharibə vəziyyətinə salmaq istəmir. Biz Rusiyanın da NATO ilə müharibə aparmaq istəmədiyini düşünürük. Ona görə də, bu eskalasiyanın qarşısını almaq üçün indi NATO-ya üzvlükdən söhbət getmir. Ancaq bu müharibə başa çatdığında, Ukrayna suveren, müstəqil Avropa demokratiyası olacaq. O, bütövlükdə Avropanın təhlükəsizliyinə töhfə vermək üçün əhəmiyyətli vasitələrə malik olacaq. Və biz Vladimir Putinin və ya Vladimir Putinin xələfi ola biləcək hər kiminsə yenidən Ukraynaya hücum etməyə çalışmamasını təmin etməliyik. Biz istəmirik ki, onlar yenidən Ukraynaya hücum etmək niyyətində olsunlar. Bunun qarşısını almaq üçün Avropada təhlükəsizliyin ən böyük təminatı NATO-dur. NATO o qədər güclüdür ki, heç kim ona hücum etmək istəməz. Bu da Avropada gələcək münaqişənin qarşısını alacaq ki, bu hər zaman NATO-nun məqsədi olub.
İndi biz müharibəni genişləndirmək istəmədiyimiz üçün, bu məsələ müzakirə olunmasa da, bütün bunlar bitəndə, məncə, məntiqli olan tək şey Ukraynanın NATO-ya üzv olmasıdır.
Amerikanın Səsi: Keçən həftə NATO üzvü olan Polşaya raket düşdü və nəticədə iki nəfər həlak oldu. NATO və Polşa liderləri daha sonra bildirdilər ki, raket Rusiya hücumunun nəticəsi deyil və dedilər ki, çox güman ki, Ukraynanın hava hücumundan müdafiəsinin Rusiyanın zərbəsinə cavab olaraq atdığı raket səhvən Polşaya düşüb. Bununla da NATO-nun Rusiyaya birbaşa cavab verməsinin qarşısı alınsa da, bir çoxları deyir ki, bu hadisə onu göstərir ki, müharibənin digər ölkələrə yayılmaq təhlükəsi hələ də mövcuddur. Sizcə, gələcəkdə belə bir hadisə NATO-nun müdaxiləsinə səbəb ola bilərmi?
SEE ALSO: Polşa prezidenti raketlərin Pşevoduv kəndinə düşməsini "qəza" adlandırıbKurt Volker: Bəli. Bu hadisə ilə bağlı bir neçə məqamı nəzərə almaq lazımdır. Birincisi, mən hesab edirəm ki, NATO son dərəcə yaxşı cavab verdi. Onların ilk etdiyi şey faktları toplayıb, "nə baş verdi?" sualını araşdırmaq oldu. Onlar NATO müttəfiqləri ilə məsləhətləşdilər. Müttəfiqlər arasında müzakirə etmək üçün Şimali Atlantika Şurasında fövqəladə iclas keçirdilər. Onlar razılaşdılar ki, bu, NATO ərazisinə qəsdən edilən bir hücum deyil və buna NATO-nun 5-ci maddəsinə uyğun bir cavab tələb olunmur. Və məsələ ilə bağlı müxtəlif müttəfiqlərin nə isə deməsi evəzinə, onlar NATO-nun baş katibinin məsələ ilə bağlı bəyanat verməsini təmin etdilər ki, bu, alyansın birliyi və həmrəyliyini göstərdi. Bütün bunlar inanılmaz dərəcədə vacibdir.
Burada vacib olmayan bir şey isə, zənnimcə, bunun Rusiya raketi və yaxud Ukrayna raketi olmasıdır. Bu, NATO ərazisinə qəsdən edilən bir hücum deyildi. Və ümumiyyətlə bunun baş verməsinin yeganə səbəbi Rusiyanın Ukraynaya hücumlarını davam etdirməsi, ukraynalıların özlərini ondan müdafiə etməyə çalışması idi. Ona görə də, bunun Rusiya raketi olması və yaxud Ukraynanın hava hücumundan müdafiə raketinin olmasının heç bir əhəmiyyəti yoxdur. Bunun kökündə Rusiyanın Ukraynaya təcavüzü dayanır. İndi isə vacibdir ki, Rusiyaya NATO ərazisinə qarşı istənilən güc tətbiqinə cavab tədbirinin olacağı və NATO ərazisinə, üzv ölkənin əhalisinin həlak olmasına səbəb olan qəsdən və hətta təsadüfi zərbələr endirilməsinin qəbuledilməz olması isə bağlı xəbərdarlıq edilsin. Və ölkələr də hər hansı bir ehtiyatsız davranışın qarşısını almaq üçün tədbir görməlidirlər. Məncə, bu hadisə ehtiyatsızlıq deyildi. Məncə, bu, sadəcə bir qəza idi. Amma buna baxmayaraq, biz qəzaların da baş verməsini istəmirik.