Tank əleyhinə sistemlərdən istifadə təcrübəsi olan, ABŞ ordusunun veteranı və açıq mənbələr üzrə təhlilçi Rayan MakBet Amerikanın Səsinə müsahibədə Ukraynanın cənubda yerləşən Xerson şəhərini geri almasından sonra müharibənin gedişatını, Rusiyanın planlarını və ABŞ-ın Ukraynaya yardımını şərh edib.
Amerikanın Səsi: Ukrayna ordusu keçən həftə ölkənin cənubunda əsas şəhər olan Xersona nəzarəti geri aldı. Xersonun azad edilməsindən sonra müharibənin gedişatını necə görürsünüz? İndi artıq hərbi münaqişənin şərtlərini Ukraynamı diktə edir?
Rayan MakBet: Məncə bəli, onlar edir. Ukrayna, belə desək, döyüş meydanını formalaşdırmağı yaxşı bacarır. Belə ki, onlar düşməni hər hansı bir şeyə reaksiya verməyə məcbur edə və onları növbəti hücuma hazırlaya bilirlər.
Amerikanın Səsi: Rusiya çərşənbə axşamı Ukraynanın paytaxtı Kyiv də daxil olmaqla, 10 bölgəni hədəf alaraq, enerji obyektlərinə və digər infrastrukturlara, eləcə də yaşayış binalarına zərbələr endirib. Necə olur ki, Ukrayna bu raket hücumlarını dayandırmaq bacarığına malik deyil? Kyiv öz infrastrukturuna hücumları dayandırmaq üçün nə edə bilər?
Rayan MakBet: Rusiya ötən gün Ukrayna daxilində bir neçə hücum həyata keçirdi. Qanadlı raketləri vurmaq çox çətindir, çünki qanadlı raketlər yerə çox alçaq uçurlar və radar onlar, demək olar ki, yalnız sizin üzərinizdə ikən onları aşkar edə bilir. Rusiya, çox güman ki, elektrik stansiyaları kimi şeyləri hədəfləyirdi. Belə ki, Ukrayna hava hücumundan müdafiə vasitələrinin çoxunu elektrik stansiyaları və ya körpülər kimi infrastruktura köçürür. Onlar elektrik enerjisini kəsilməsinin qarşısını almalıdırlar, çünki Ukraynada havalar soyumağa başlayacaq.
Amerikanın Səsi: İndi ki, Rusiya Xersondan geri çəkilib, şərq cəbhəsində nə olacaq? Rusiyanın planları nədir?
Rayan MakBet: Bu, həqiqətən yaxşı sualdır. Düşünürəm ki, bundan sonra hər iki tərəf həm Dnepr çayının cənubunda, həm də şərqdə istehkamlanacaq. Qışda döyüşmək son dərəcə çətindir. Siz daha çox yanacaq istifadə edirsiniz, çünki nəqliyyat vasitələriniz daha çox yanacaq tələb edir və ya siz isti qalmaq üçün nəqliyyat vasitələrini açıq tutursunuz. İnsanların daha çox kaloriyə ehtiyacı var. Yəni qışda hər şey daha çətindir. Və soyuq havada xəsarətlər ala bilirsiniz. Əsgərlər çöldədir. Onlara soyuqdur, onlar islanır. Onları don vurur. Onlar xəstəxanaya evakuasiya edilməlidirlər. Beləliklə, qışda hər şey daha çətindir. Zənnimcə hər iki tərəf yenidən istehkamlanmağa hazırlaşır və bu, artilleriya müharibəsi olacaq. Mən şərqdə böyük hücumların olacağını gözləmirəm.
Amerikanın Səsi: ABŞ-ın dəstəyinə gəldikdə, Birləşmiş Ştatlar Ukraynaya 20 Yüksək Sürətli Artilleriya Raket Sistemi (HIMARS) göndərib və onların Xersonun azad edilməsində çox mühüm rol oynadığı bildirilir. Hətta Ukrayna prezidenti Volodimir Zelenski HIMARS raketlərinin Rusiyaya qarşı müharibənin gedişatını dəyişdirdiyini söyləyib. Bəs bunda nsonra biz Ukraynaya yeni silahların göndərilməsinə də şahid ola bilərikmi?
Rayan MakBet: Ola bilsin ki, Ukraynaya yeni, daha uzun mənzilli “Himars” raketləri verilsin. Daha qabaqcıl sistemlərin çatdırılması da mümkün ola bilər. Mən bunun nə zaman ola biləcəyini bilmirəm, çünki Birləşmiş Ştatların özündə də çoxlu “HIMARS” sistemləri yoxdur.
Biz Ukraynaya Amerika və ya NATO qüvvələri tərəfindən idarə olunan Patriot raketlərinin göndərildiyini də görə bilərik, xüsusilə də çərşənbə axşamı ya Rusiyanın qanadlı raketinin ya da Ukraynanın S-300 raketinin səhvən Polşaya düşməsindən sonra. Hər halda, Polşada bir şey partladı və bu, bu müharibə səbəbilə baş verdi. Beləliklə, əgər Ukrayna üzərində qeyri-uçuş zonası tətbiq etsək, bu, qalıqların təsadüfən və ya qəsdən Polşaya düşməsinin qarşısını almağa kömək edəcək. Və yaxud sərhədə Patriot raketlərini yerləşdirsək, bu, bizə Polşa sərhədinə daxil olan istənilən növ Rusiya sistemlərini və ya hətta səhvən atılmış Ukrayna S-300 raketinin qarşısını almağa kömək edəcək.