Təbrizli vəkil Negin Kiyani həbsxanadan müvəqqəti azadlığa buraxılıb

Təbrizli vəkil xanım Negin Kiyani həftələrlə nəzarətdə saxlanıldıqdan sonra noyabrın 10-da girov müqabilində müvəqqəti azadlığa buraxılıb.

Vokalapress saytının yaydığı məlumata görə, bundan əvvəl Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının rəhbəri vəkil Davud Əliməhəmmədi, Negin Kiyaninin yaxın zamanda azadlığa buraxılmasının mümkünlüyünü açıqlamışdı.

Gənc qadın Məhsa Əminin ölümündən sonra İranda və İran Azərbaycanında baş qaldıran etiraz aksiyalar əsnasında Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının üzvləri, cənab Sina Yusifi, Qasim Bodi, Negin Kiyani və Əmir Mehdipur həbs edilib. Həbs edilən dörd vəkildən üçü girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılsa da, vəkil Qasim Bodinin müvəqqəti azadlığına icazə verilmir.

Negin Kiyaniyə qarşı irəli sürülən ittihamlarla bağlı hələ ki, məlumat yoxdur.

SEE ALSO: Təbrizli daha bir vəkil, Negin Kiyani həbs edilib

Vəkil Kiyani oktyabrın 23-də İranda etiraz aksiyalarında həbs edilənlərin müdafiəsini qəbul etdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Təbrizdə həbs edilən dödr vəkildən biri cənab Qasim Bodi hələ də Təbrizin Mərkəzi Həbsxanasındadır. Bu barədə Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının rəhbəri vəkil Davud Əliməhəmmədi bildirib ki, vəkil Qasim Bodinin məhkəmə iclası ötən həftə videokonfrans şəklində keçirilib.

Əliməhəmmədinin dediyinə görə, cənab Qasim Bodinin işi haqda məhkəmə yaxın zamanda qərar qəbul edəcək və çox böyük ehtimalla o həbsxanada nəzarətdə ikən məhkəmə qərar çıxaracaq.