Ərdəbil şəhərindən olan azərbaycanlı milli fəal Pərviz Siyabi 6 il həbs cəzasını çəkmək üçün Ərdəbil Mərkəzi Həbsxanasına köçürülüb.
Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, bir neçə xəstəlikdən əziyyət çəkən 76 yaşlı Pərviz Siyabi tibbi sənədləri apelyasiya məhkəməsinə təqdim etməsinə baxmayaraq, uzun müddətə azadlıqdan məhrum edilib.
Siyabi oktyabrın 9-da Ərdəbil zindanına köçürülüb.
Ötən ilin noyabrında Ərdəbil İnqilab Məhkəməsi onu "sistemə zidd olan media ilə müsahibə edərək və sosial mediada gerçək olmayan məzmunlar paylaşaraq İran İslam Respublikasına qarşı təbliğat aparmaq", "ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qeyri-qanuni qruplarda üzv olmaq" və “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qeyri-qanuni qrupları idarə etmək" kimi ittihamlardan günahkar tanıyıb, muvafiq olaraq 1 il, 10 il və 5 il həbs cəzasına məhkum etmişdi.
SEE ALSO: Milli fəal Pərviz Siyabi 16 illik həbs cəzasına məhkum edilibİlkin məhkəmədə cəmi 16 il azadlıqdan məhrum edilən milli fəal Pərviz Siyabinin həbs cəzası Apelyasiya Məhkəməsi tərəfindən 6 ilə endirilib.
Keçən il iyul ayının 24-də İranda azərbaycanlılar İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində ərəb icmasının aksiyalarına dəstək məqsədilə etiraz mitinqi keçirmişdilər. Pərviz Siyabi Təbrizdə keçirilən etiraz mitinqindən bir gün sonra, Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
Fəal avqustun 29-da 250 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəmənin son qərarına qədər sərbəst buraxılmışdı.