Əslən Təbrizdən olan universitet tələbəsi Səba Paşazadənin təqribən bir ay əvvəl təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındıqdan bəri Urmiyə həbsxanasında saxlanıldığı bildirilir.
Araz News və Iran Wire kimi xəbər saytlarına istinadən, Urmiyə Universitetinin tələbəsi Səba Paşazadə təqribən bir ay əvvəl Urmiyə şəhərində hökümət əleyhinə təşkil olunan etirazlar zamanı saxlanılıb.
“Tələbənin saxlanılmasından təqribən bir ay keçməsinə rəğmən Urmiyənin Ümumi və İnqilab Prokurorluğu onu mülki zəmanətlə müvəqqəti azadlığa buraxmaqdan imtina edir,” Araz News saytı bildirib.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, sentyabr ayından bəri davam etməkdə olan nümayişlər ilə əlaqədar Urmiyədə saxlanılan onlarla vətəndaş hazırda Urmiyənin mərkəzi həbsxanası, habelə təhlükəsizlik qurumlarının müxtəlif təcridxanalarında saxlanılır. Nəzarətdə olanlar arasında çox sayda gənc qadının olduğu bildirilir.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi bu yaxınlarda Urmiyədə saxlanılan vətəndaşlardan Səmanə Fəthi, Sara Hüseynzadə və İlya Cəfərpənahın adlarını yayıb. Həbs edildikdən bəri onların taleyi ilə bağlı məlumat yayılmayıb.
SEE ALSO: Qərbi Azərbaycan vilayətində kütləvi nümayişlərlə əlaqədar 95 nəfərə qarşı ittiham irəli sürülübQərbi Azərbaycan vilayətinin ədliyyə idarəsinin oktyabr ayının 26-da mətbuata verdiyi məlumata əsasən, nümayişlərin başlandığından bəri vilayətdə saxlanılardan 95 nəfər haqqında ittihamnamə hazırlanıb. Ədliyyə idarəsinin rəisi Nasir Ətəbatinin dediklərinə görə, “digər saxlanılanların işi sürət və diqqətlə davam edir.”