Accessibility links

Qərbi Azərbaycan vilayətində kütləvi nümayişlərlə əlaqədar 95 nəfərə qarşı ittiham irəli sürülüb


İranın Qərbi Azərbaycan vilayətinin Ədliyyə İdarəsi ölkədə 7-ci həftəsinə daxil olan geniş etirazlarla əlaqədar 95 nəfərə qarşı ittiham irəli sürüldüyünü bildirib.

Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbatinin bildirdiyinə görə, nümayişlər ilə əlaqədar 95 nəfər haqqında ittihamnamə hazırlanıb və digərlərinin işi də sürətlə davam etdirilir.

“İğtişaşların müttəhimlərindən 95 nəfərə qarşı ittihamnamə hazırlanıb. Qalanların işi də ilkin təhqiqatın tamamlanması və ittihamnamələrin hazırlanması üçün sürət və diqqətlə davam etdirilir,” Ətəbati söyləyib.

Ədliyyə rəisi vilayətdə nümayişlərlə əlaqədar tutulanların sayı barədə rəqəm açıqlamayıb.

Keçən həftə Zəncan vilayətinin Ədliyyə idarəsi də nümayişlərə iştirak edən 119 nəfərə qarşı ittiham irəli sürüldüyünü açıqlamışdı.

Gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülmüş və minlərlə insan saxlanılıb.

Hüquq müdafiəçiləri həbs edilən, yaralanan və öldürülənlər arasında çox sayda azyaşlının olduğunu bildirir. Həbsxanalarda yeniyetmələrin ağır işgəncələrə məruz qaldığına dair xəbərlər yayılır.

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının başqan vəkili Sina Yusufi iki həftə əvvəl Təbrizdə kütləvi aksiyalar ilə əlaqədar təqribən 1700 nəfərin həbs edildiyini bildirib. Vəkil bu məlumatı açıqladıqdan bir neçə gün sonra özü də İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı.

XS
SM
MD
LG