Təbrizdə İran hökumətinə qarşı etiraz aksiyası keçirilib

Noyabrın 2-də axşam vaxtı Təbriz əhalisi "Qırx metr" adlı məhəllədə etiraz aksiyası keçiriblər.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Təbriz əhalisi "Qırx metr" məhəlləsində etiraz aksiyası keçirərək, "azadlıq, ədalət, milli hökumət" məzmunlu plakat nümayiş etdirib.

Etirazçılar İran İslam Respublikası rejimi əleyhinə şüarlar səsləndirməklə yanaşı, milli şüarlar da səsləndiriblər. Bu etiraz aksiyasında səsləndirilən şüarlardan biri də "oğurluq, cinayət, molla işi xəyanət" olub.

Çərşənbə günü keçirilən həmin etirazda mitinqinə aid video-görüntülərdə Təbriz əhalisi qadınlara azadlıq tələb edərək, "millətlərə istiqlal, qadınlara azadlıq şüarını şəkləndirdikləri də müşahidə olunub.

Təbrizdə noyabrın 2-də keçirilən etiraz mitinqində "nə şahçıyam, nə şeyxçi millətçiyəm millətçi" və "Azərbaycan öz yolunu tapıbdı, vilayəti səltənəti atıbdı" şarlarını səsləndirərək monarxiya və vilayəti-fəqih sistemlərini rədd etdiklərini bildiriblər.

Etiraz aksiyasında ümumiyyətlə İran Azərbaycanında mitinqlərdə səsləndirilən digər şüarlar, o cümlədən "biz ölməyə hazırıq, Babəkin sərbazıyıq (əsgəriyik)" və "Azərbaycan talandı, millət, oyan amandı" səsləndirilib.

Etiraz aksiyası əsnasında bir neçə etirazçının təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir. Həbs edilənlər barəsində hələ ki, məlumat yoxdur.

İranda gənc qadın Məhsa Əmininin ölümündən sonra davam edən kütləvi etirazlar artıq 7-ci həftəsinə daxil olub. Ailəsi ilə birlikdə Saqqız şəhərindən Tehrana gedən 22 yaşlı Məhsa Əmini sentyabrın 13-də əxlaq polisi tərəfindən baş örtüyünü və ya hicabını "düzgün şəkildə" örtmədiyi iddiası ilə saxlanılıb. Saatlar sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib və sentyabrın 16-da dünyasını dəyişib.