Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində İranda baş verən son hadisələrin regiona təsirlərindən, İran azərbaycanlılarının hazırkı durumundan danışıb.
Amerikanın Səsi: İranda baş verən son hadisələrin regiona, o cümlədən Azərbaycana təsirləri nə ola bilər?
İsa Qəmbər: Iranda çox ciddi xalq etirazları başlayıb. Bu, İranın teokratik rejiminin insan hüquqlarını kobud şəkildə və mütamadi kütləvi şəkildə pozmasının nəticəsidir. Son dəfə isə bir gənc qızı tutub, hicabı düzgün bağlamaq tələbi ilə döyüb öldürüblər, bu, İran cəmiyyətinə çox pis təsir edib. Cəmiyyət buna kütləvi şəkildə etirazını bildirir. Təbii ki, bu etirazlar qadın hüquqları ilə bağlı başlayıb. Ancaq bu təkcə qadın hüquqları ilə bağlı deyil. Bu etirazlar ümumiyyətlə cəmiyyətin İrandakı hakimiyyətdən narazılığının əlamətidir. İran rejimi bərbad bir siyasəti ilə cəmiyyətdə həm siyasi, həm iqtisadi, həm mədəni, həm milli hüquqları pozması ilə əhalinin əksəriyyətinin narazılığını qazanıbdır. Kütləvi bir xalq hərəkatı gedir. Təbii ki, qonşumuzda gedən bu proseslər digər ölkələr kimi Azərbaycana da təsirsiz ötüşmür. Azərbaycan cəmiyyəti İranda baş verən hadisələri diqqətlə izləyir. Hadisələrin nə şəkildə yekunlaşacağı aydın məsələdir ki, regiona, Azərbaycana da öz təsirlərini göstərəcək. Bunun müsbət təsirləri də ola bilər. Problemli tərəfləri də ola bilər.
Amerikanın Səsi: Son dövrlər Azərbaycan Respublikasının rəsmi mediası da daxil olmaqla, ölkədə İranda yaşayan azərbaycanlıların siyasi və mədəni hüquqlarının müdafiəsi ilə bağlı bu ölkə hakimiyyətinin əleyhinə sərt tənqidlər səslənir. Sizcə bunun səbəbi nədir?
İsa Qəmbər: Azərbaycan hakimiyyətinin özü də avtoritar bir hakimiyyət olsa da, hər halda müəyyən dərəcədə ictimai rəylə də hesablaşmaq zorundadır. Azərbaycan hakimiyyəti də dərk edir ki, Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı İranda baş verən hadisələrdən narahatdır. Hər kəsə bəllidir ki, İranda milyonlarla bizim Azərbaycan türkləri yaşayır. Onların təhlükəsizliyi, hüquqları təbii ki, bizi maraqlandırır, narahat edir. Hakimiyyətin reaksiyasının artmasının birinci səbəbi bu məsələlərə bağlıdır. Eyni zamanda İran rejiminin Azərbaycana faktiki olaraq düşmən gözü ilə baxması, bütün sahələrdə Azərbaycanın maraqlarına zidd mövqelər tutması və son vaxtlarda İranın müxtəlif rəsmi və qeyri-rəsmi təmsilçilərinin Azərbaycan barədə, Azərbaycan hakimiyyət dairələri barədə sərt çıxışlar etməsi, digər tərəfdən ən təhlükəlisi Azərbaycanla həmsərhəddə İran hərbi qüvvələrinin ardıcıl sürətdə təlimlər keçməsi, Azərbaycana faktiki olaraq hədə-qorxu gəlmələri təbii ki, Azərbaycanın qərarlarına, mövqelərinə öz təsirini göstərir.
Amerikanın Səsi: Rəsmi Bakının İranda yaşayan azərbaycanlıların siyasi və mədəni hüquqlarının müdafiəsi ilə bağlı mövqelərinin davamlı olacağına inanırsınızmı?
İsa Qəmbər: İran və Azərbaycan hakimiyyətinin arasındakı münasibətlərin sərtləşdiyi, yumşaldığı mərhələlər olur. İndi də növbəti sərtləşmədən sonra İranın və Azərbaycan Xarici İşlər nazirləri telefonla danışığı olub. Deyildi ki, İranın parlament sədri yaxın vaxtlarda Azərbaycana gələcək. Bu, İranın bir qədər geri addım atması və münasibətlərin yumşalmasına yönəlmiş bir addım kimi görünür. Bu baxımdan hakimiyyətlərin davranışında fərq yarana bilər. Amma önəmli odur ki, Azərbaycan xalqının, cəmiyyətinin bu məsələyə kifayət qədər yekdil və prinsipial davamlı bir mövqeyi var. Bu mövqe dəyişməyəcək. Nə qədər ki, İranda hakim rejim insanların hüquqlarını pozur, İranda yaşayan azərbaycanlıların hüquqlarını pozur Şimalı Azərbaycanın bu məsələyə biganə qalması mümkün deyil.
Amerikanın Səsi: İrandakı son hadisələr İran Azərbaycanında insanların siyasi və mədəni hüquqları uğrunda hərəkata təkan verə bilərmi? Həm də İran hakimiyyəti İranda yaşayan azərbaycanlıların etirazlarını yatırmaq üçün gücdən istifadə edərsə Azərbaycan Respublikası onların müdafiəsi üçün nə edə bilər?
İsa Qəmbər: Dediyim kimi, İranda insanların siyasi, mədəni hüquqları pozulur, iqtisadi azadlıqları məhdudlaşdırılır. Ona görə də məsələ təkcə qadın hüquqları ilə bağlı deyil. Baxmayaraq ki, bu, öz-özlüyündə kifayət qədər ciddi məsələdir. Hər bir insan, kütlə, hər bir qrup, hər bir xalq öz şüarları, tələbləri ilə meydana daxil olur. Məsələn, Azərbaycan şəhərlərində çox yayılmış şüar var - "Azadlıq!", "Ədalət!", "Milli hökümət"! Yəni, bu, qadın hüquqları ilə bağlı azadlıq məsələsindən başlayır, ancaq eyni zamanda ədalət tələb edir, eyni zamanda milli hökümət tələb edir. Bizim İranda yaşayan azərbaycanlılar İrandakı hakim rejimin ədalətli, tərəfsiz, bütün xalqlara qarşı eyni mövqe göstərəcəyinə inanmır. Ona görə də "Azadlıq!", "Ədalət!", "Milli hökümət!" tələb edirlər. Eləcə də Azərbaycanda yaşayan başqa xalqlar da qadın hüququ ilə yanaşı milli hüquqları, öz narahatlıqlarını dilə gətirirlər. İkinci sualınıza gəldikdə, bu, çətin məsələdir. Siyasi mövqe bildirilə bilər, mənəvi dəstək verilə bilər, informasion dəstək verilə bilər. Beynəlxalq platformalarda İranda insan hüquqlarının kütləvi şəkildə pozulması məsələsinə diqqət artırıla bilər. Azərbaycan bunu etməlidir və edəcək. Amma İranda baş verən hadisələrə beynəlxalq hüquqa görə Azərbaycanın birbaşa qarışması mümkün olan bir şey deyil. Azərbaycan İranda gedən prosesləri dayandırmaq üçün birinci növbədə dediyim istiqamətlərdə addım atmaqla yanaşı, beynəlxalq təşkilatlarla , beynəlxalq birliklə birgə hərəkət etməlidir. Özü də beynəlxalq birliklə hərəkət etməlidir ki, İranda insan hüquqlarının kütləvi şəkildə pozulmasına son qoyulsun.
Amerikanın Səsi: Sizcə ABŞ İranda etirazçıların tələblərinin yerinə yetirilməsi, bu ölkədəki insanların siyasi və mədəni hüquqlarının təmin edilməsi istiqamətində hansı təsirli addımlar ata bilər?
İsa Qəmbər: ABŞ dünyanın ən güclü dövlətidir və bütün məsələlərə təsir etmək üçün kifayət qədər resursları var. İran məsələsində də bir çox imkanları var. Bir-iki məsələyə diqqət yetirərdim. Birincisi prinsipial və ardıcıl olmaq. Yəni siyasi konyekturadan aslı olmayaraq mövqeyin dəyişməməsi. ABŞ demokratik dünyanın aparıcı qüvvəsidir. Demokratik dünyanın bəyan etdiyi dəyərlər sistemi var. O sistemə Amerika özü də sadiq olmalıdır. Onlar ardıcıl sürətdə İrandan tələb etməlidirlər. İstər insan azadlıqları sahəsində, istər bütövlükdə demokratiya məsələsində. Məsələn, nüvə silahı olsun. Nüvə silahı ilə bağlı son 10 ildə ABŞ–n ən müxtəlif mövqelərini gördük. Əvvəlcə danışıqlar aparıb müəyyən razılığa gəlirlər, sonra o razılıqdan Amerika çıxır. Sonra yeni hökümət onu yenidən bərpa eləməyə cəhd göstərir. Bu mərhələlərin hər birində İrandakı hakim rejim bu dəyişikliklərdən sui-istifadə edir. Halbuki digər sahələrdə olduğu kimi elə bu sahədə də ardıcıl siyasət aparılsa bunun daha çox nəticələri ola bilər. Eyni zamanda məsələyə elmi və ədalətli yanaşma ortaya qoyulmalıdır. Məsələn, İrandakı bu hadisələr Əmini soyadlı bir gənc qadının öldürülməsi ilə başlandı. Bu məsələ haqlı olaraq bütün dünya tərəfindən prinsipial etirazla qarşılandı. Amma bu hadisədən sonrakı etiraz aksiyalarında kifayət qədər çoxsaylı insan tələfatı olub. İnsanlar öldürülüb. Eyni zamanda İrandakı Azərbaycan əhalisinin şəhərlərində etirazçılar öldürülüb. Gənclər öldürülüb. Amma Azərbaycan xalqının bu etiraz hərəkatına verdiyi qurbanlar qeyd olunmur. Ancaq ABŞ kifayət qədər güclü təhlil mərkəzlərinə, araşdırma mərkəzlərinə sahibdir. Orada gözəl bilirlər ki, İranda bütün dəyişikliklər ilk növbədə milli çoxluq olan Azərbaycan türklərinin hərəkatından aslı olur. Ötən əsrdəki hadisələr, bütün inqilabi dəyişikliklərdə hamısında İranda yaşayan on milyonlarla Azərbaycanlı əhalisinin mövqeyi nəticəsində proseslərin axarı xeyli dərəcədə müəyyənləşib. İndiki mərhələdə də Vaşinqton İranda müsbətə doğru dəyişikliklər istəyirsə İrandakı rejimin ən azı liberallaşmasını, demokratikləşməsini istəyirsə oradakı Azərbaycan faktorunu ciddi şəkildə nəzərə almalıdır.