Böyük Millət Məclisi Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətini uzadıb

Türkiyə Böyük Millət Məclisi (Arxiv foto, mənbə VOA)

Türkiyə Böyük Millət Məclisi (TBMM) bu ölkənin hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması ilə bağlı qanun layihəsini qəbul edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə ölkə parlamentinə göndərilən qanun layihəsi müzakirələrdən sonra təsdiqlənib.

Qanun layihəsinə əsasən, Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.

İki il əvvəl, 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün səlahiyyət verib.

Parlament atəşkəs rejiminin bərqərar edilməsi, pozuntuların qarşısının alınması, regionda sülh və sabitliyin təmin edilməsi və Ağdamda yerləşən atəşkəsə nəzarət üzrə birgə mərkəzin missiyasının icrası məqsədilə Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sazişin müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün hökumətə hərbi qulluqçuları Azərbaycana göndərməyə icazə verib.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlanıb və bu, 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu 2020-ci il noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.