“Kirayə qalan ailəyə heç 1000 manat maaş bəs etmir”

Your browser doesn’t support HTML5

Afaq və Ceyhun 4 aydan çoxdur ki, ailə qurublar. Kirayə ev axtarışına çıxan cütlük, çətinliklə də olsa, Bakıxanov ərazisində 400 manata mənzil tapa bilib. Onlar deyir ki, mərkəzdən bir az aralıda 300-350 manata evlər tapsalar da, yaxşı şərait və təmir olmadığına görə imtina ediblər.

Ceyhun Qurbanlı: "400 manat kirayə pulu veririk, 300 manat da kredit pulu veririk. Ortalama, yuvarlaqlaşdırıram, 700 manat bizim, ümumiyyətlə, aylıq xərcimizdir. Əvvəl, məsələn, 200-250 manata fikirləşdiyimiz evlər indi 300-350 manatadır. Qiymət fərqi var."

Afaq Aqil: "Normal maaş 500, 600, 700-dürsə, bununla çatmır. Gərək iki nəfər də eyni maaşı alsın. Onda hə. Artıq mən də işləyirəm, Ceyhun da işləyir deyə, Ceyhunun maaşı gedir ev xərclərinə. 400 manat, 300 manat, plus kommunal, internet falan, bunları da hesablasaq, 50-60 manat."

Ceyhun Qurbanlı: "Nəyimizisə kəsirik də. Bu ay idmana çox üstünlük veririksə, məsəl üçün deyirəm, tutaq ki, kitab almayacayıq, və yaxud da ingilis dilimizi axsadırıq. Bax belə olur."

Cütlük hesab edir ki, iki nəfərlik ailə üçün minimum aylıq gəlir 1500-1600 manat arası olmalıdır. Onlar ölkədəki qiymət artımının da ailə büdcələrinə ciddi təsir etdiyini deyirlər

Afaq Aqil: "Qiymət artımı, həqiqətən, hiss olunur. Məsələn, əvvəl girib 100 manata çox bazarlıq edirdiksə, məsələn, bir ayın bazarlığını edirdiksə, amma indi 100 manata bir ayın bazarlığını etmək olmur."

Afaqla Ceyhun hər ay kirayə ödəməkdənsə, ipoteka ilə ev almağı daha sərfəli bilirlər. Amma bunün üçün də müəyyən vəsait toplamalıdırlar.

Afaq Aqil: "Deyirdik kaş elə bu evi bizə ipotekaya verərdilər, bilərdik ki, 400 manat veririk, sonradan ev bizim olacaq."

Əmlak eksperti Nüsrət İbrahimov kirayə qiymətlərinin qalxmasını tələbin təklifdən daha çox olması ilə əlaqələndirir. O hesab edir ki, Bakıda köhnə tikililərin yenilərlə əvəz olunması, inflyasiya və ölkəyə axın da buna təsir edir. Ekspert əlavə edir ki, pandemiyadan sonra dünyada yanacağın qiymətinin artması mənzil-tikinti sahəsində də bahalaşmaya səbəb olub.