Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, əvvəllər ölkəyə gələn xarici şirkətlərdə yerli işçilərin hüquqlarının pozulması faktları sayca çox idi, amma hazırda Dövlət Neft Şirkətinin pozuntularına daha çox rast gəlmək olur.
“Xüsusi geyimlə təchizat pis vəziyyətdədir. Ağır və zərərli şəraitdə işləyən işçilər südlə və ona yaxın ərzaqla təmin olunmalıdırlar. Ona görə ki, onların orqanizminə ciddi təsir edir. Onların orqanizmi yavaş-yavaş pis vəziyyətə düşür, şikəstlik əmələ gəlir.”
Mirvari Qəhrəmanlı bildirir ki, 2018-ci ildə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı lazımi islahatlar haqqında məlumatı Dövlət Neft Şirkətinə, Energetika Nazirliyinə və Parlamentə təqdim edib. Hüquq müdafiəçisi hesab edir ki, islahatlar kadr dəyişikliyindən başlamalıdır.
"İndinin özündə də bir çox şirkətlərdə vəzifələri xaricilər, ekspatlar tutur. Hansı ki bizim o vəzifədə çalışmağa potensialı olan çox gözəl yerli kadrlarımız var."
Bilal Həsən 20 ilə yaxındır ki, neft sahəsində çalışır. Əvvəllər Azərbaycanda bir neçə şirkətdə fəaliyyət göstərsə də, hazırda peşəsini xaricdə davam etdirir.
Bilal Həsən deyir ki, Azərbaycanda devalvasiyadan sonra neft işçilərinin xaricə axını başladı. Onlar daha çox Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Küveyt kimi ölkələrə getdilər.
"Və indi o axın davam edir. Çünki Azərbaycanda istehsalat azalıb, iqtisadi vəziyyət çətinləşir və insanlar peşəkarlaşıblar. Onlar həmin peşəkarlığın müqabilində özlərinə daha çox vəsait qazanmağı haqq bilirlər."
Mirvari Qəhrəmanlı əlavə edir ki, Dövlət Neft Şirkətində çalışan işçilərin yalnız 16 faizi qadındır. Hüquq müdafiəçisi bunu gender diskriminasiyası hesab edir:
"Desələr ki, Neft Daşlarına baş mühəndisi gəl qadın göndərək, deyərlər ki, qadına ağır olar. Amma orada çilingər qadın işləyir, operator qadın işləyir, orada təhlükəli yerlərdə qadın işləyir. Mən demirəm işləməsin, öz könül xoşu ilə işləyir. Amma görün vəzifədə, vəzifə seçimində qadınlar nə qədər azlıq təşkil edirlər."
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən iddialarla bağlı açıqlama istəsək də, suallarımıza cavab ala bilmədik.