Seulda qayaya dırmanma çempionatında hicabsız iştirak edən iranlı idmançı Elnaz Rekabinin basqılarla üzləşdiyi bildirilir

Elnaz Rekabi

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən qayaya dırmanma üzrə Asiya çempionatında oktyabrın 16-da baş örtüyü taxmadan iştirak edən İran nümayəndəsi Elnaz Rekabinin basqılara məruz qaldığı bildirilir.

Hicabı düzgün örtmədiyinə görə Tehran əxlaq polisi tərəfindən həbs edilən gənc qadının öldürülməsi səbəbi ilə başlayan geniş etirazların davam etdiyi bir dönəmdə Elnaz Rekabinin beynəlxalq çempionata baş örtüyü taxmadan qatılması ölkədə və sosial şəbəkələrdə böyük əks-səda doğrurub. Oktyabrın 19-da İrana qayıtdığında yüzlərlə insan onu qarşılamaq üçün beynəlxalq İmam Xomeyni hava limanına axışıb.

İdmançının yaxınları baş örtüyü taxmadan qatıldığı müsabiqədən bir müddət sonraya qədər ondan xəbər ala bilməmişdilər. Bəzi mənbələrə görə, müsabiqədən sonra Elnaz Rekabinin pasport və mobil telefonu ondan alınmışdı.

Beynəlxalq İdman Dırmanması Federasiyası (IFSC) oktyabrın 18-də Rekabi haqqında yayımladığı bəyanatda onun seçimini dəstəklədiyini və vəziyyəti ilə bağlı xəbərləri izlədiyini bildirib.

“Federasiya iranlı idmançı Elnaz Rekabi ilə əlaqədar xəbərlərdən tam xəbərdardır. Xanım Rekabi ilə bağlı çox məlumatlar yayılır və biz təşkilat olaraq faktları əldə etməyə çalışırıq. Biz xanım Rekabi və İran Dırmanma Federasiyası ilə əlaqə saxlayırıq. Bildiyimizə görə, o, İrana qayıdır və biz İrana çatdıqdan sonra onun vəziyyətini izləməyə davam edəcəyik,” IFSC-in bəyanatında dərc edilib.

IFSC bəyanatda idmançıların hüquqlarını, seçimlərini və onların ifadə azadlığını tamamilə dəstəklədiyini bildirib.

İran Azərbaycanının Zəncan şəhərindən olan Elnaz Rekabi oktyabrın 18-də paylaşdığı Instagram hekayəsində müsabiqə zamanı “uyğunsuz zamanlama və gözlənilməz bir zamanda [müsabiqəyə] çağrılması səbəbilə örtünməsi ilə bağlı səhvən problem yarandığını” qeyd edib. O, öz Instagram hesabından paylaşdığı hekayədə həmçinin narahatlıqlara səbəb olduğu üçün üzr istədiyini yazıb.

33 yaşlı idmançı İrana qayıtdıqdan sonra mətbuata verdiyi müsahibədə də oxşar ifadələri təkrar edib.

Sosial şəbəkələrdə istifadəçilər Elnaz Rekabinin bu açıqlamaları basqı altında verdiyinə dair narahat olduqlarını yazırlar.