Accessibility links

Ərdəbildə yeniyetmə qızın öldürülməsinə etirazlar davam edir


Ərdəbildə məktəbli qız Əsra (Aytək) Pənahinin İranın təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsinə etirazlar davam edir.

Amerikanın Səsinin bölgədən əldə etdiyi məlumata görə, bazar günü şəhərin bir neçə məhəlləsində ağır təhlükəsizlik tədbirlərə rəğmən baş tutan etiraz mitinqləri polis qüvvələri və mülki geyimli məmurların sərt müdaxiləsi ilə dağıdılıb.

Şənbə günündən bəri başlanan aksiyalarla əlaqədar çox sayda gənc qadın və yeniyetmə daxil olmaqla onlarla etirazçı nəzarət altına alınıb. Şənbə günü Ərdəbilin Şəriəti meydanında onlarla etirazçı "Diktatora ölüm", "Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq (əsgəriyik)" və "azadlıq, ədalət, milli hökümət" kimi şüarlar səsləndiriblər.

Oktyabrın 2-də təhlükəsizlik qüvvələri Ərdəbilin Şahid və Məsumə liseylərində hakimiyyətyönümlü yürüşlərə qatılmaqdan imtina edən şagirdlərə qarşı zorakılıq tətbiq ediblər. Bir çox şagirdin saxlanıldığı, bir neçəsinin isə xəstəxanaya göndərildiyi bildirilib. Məmurların döydüyü Şahid liseyinin şagirdi Əsra Pənahi daha sonra Fatimi xəstəxanasında həyatını itirib.

İran rəsmiləri və dövlət agentliyi İRNA çərşənbə günü Şahid və Məsumə lisyelərində baş verənlər və Əsra Pənahinin ölümü ilə əlaqədar ziddiyyətli açıqlamalar yayıblar.

Dövlət agentliyi İRNA cümə günü dərc etdiyi yazıda Ərdəbil valiliyinin təhlükəsizlik və asayişin mühafizəsi üzrə baş direktoru Əli Məhbubipura istinadən yayılan xəbərləri tamamən təkzib edərək, məktəbin həmin gün tətil olduğunu irəli sürmüşdü. Ancaq, Ərdəbil valisi Seyyid Hamid Amili olayla bağlı açıqlamasında şagirdlərin zorla mitinqə aparıldığını təsdiq edib. Şagirdlərin valideynləri və məktəb müdirləri arasında toqquşma olduğunu bildirən vali, məktəbli qızın öldürülməsinə dair xəbərləri təkzib edib.

İRNA agentliyi başqa bir xəbərdə Əsra Pənahinin ürək xəstəliyi üzündən vəfat etdiyini irəli sürüb. Ancaq Ərdəbil Bələdiyyə Başqanı Mahmud Səfəri deyib ki, Əsra Pənahi ailə problemləri üzündən həb içərək intihar edib.

XS
SM
MD
LG