Qeyri-fars icmaların siyasi təşkilatları İrandakı kütləvi aksiyaları dəstəkləyir

İranda 22 yaşlı gənc qadınının əxlaq polisinin nəzarətində ikən ölümündən sonra baş qaldıran aksiyalar qeyri-fars icmaların əksəriyyətdə olduğu şəhərlər və vilayətlər daxil olmaqla ölkənin tamamına yayılıb.

İranın türk, ərəb, türkmən və bəluç icmalarına mənsub bir neçə siyasi təşkilat birgə bəyanat yayaraq etirazlara dəstək verdiklərini qeyd ediblər.

“İrandakı məzlum millətlərin siyasi təşkilatlarının kütləvi etirazlara dair birgə bəyanatı” adı altında yayılan açıqlamanı“Güney Azərbaycan Demokrat Partiyası” (GADP), “Azərbaycan Mərkəzi Partiyası”, “Azərbaycan Milli Dirəniş Təşkilatı”, “Bəluçistan Xalq Partiyası”, “Türkmənsəhra Həmrəylik Şurası”, “Qaşqay Azadlıq Yolu Partiyası” və “Əhvazın Azadlığı Üçün Ərəb Mücadilə Hərəkatı” adlı təşkilatlar imzalayıb.

SEE ALSO: İran Azərbaycanında etirazlar kiçik şəhərlər və qəsəbələrə də yayılıb

“Şübhəsiz ki, xalqa uzaq bu rejimin əsas qurbanlarından olan İranın məzlum millətləri də bu etirazlara qatılıb və ən öndə hərəkət etməlidirlər. Çünki, bu rejim bütün millətlərin ortaq mücadilə və əməkdaşlığı olmadan devrilməyəcəkdir. Həqiqət odur ki, türklər, kürdlər, farslar, ərəblar, bəluçlar və türkmənlərdən ibarət birləşmiş bir cəbhə bu rejimin demokratik bir alternatividir,” Milli Dirəniş Təşkilatının xəbər saytında dərc edilən bəyanatda yazılıb.

İranda qadınların azadlıq bayrağına çevrildiyinin vurğulandığı bəyanatda həmçinin yazılıb ki, “İslam Respublikası günahsız bir qızın canını alaraq artıq hər kəsin səbrini tükədib və xalqın uyuyan qəzəbini oyandırıb.”

Bəyanatı imzalayan siyasi təşkilatlar “Azərbaycan, Bəluçistan, Kürdüstan, Əl-Əhvaz, Türkmənsəhra və Qaşqay elinin əhalisini istibdada qarşı səhnədə olmağa” çağırıblar.