Accessibility links

İran Azərbaycanında siyasi və mədəni fəalların həbsi davam edir


İranda əxlaq polisi tərəfindən saxlanılan gənc qadının ölümünün ardınca baş qaldıran kütləvi etirazlar fonunda İran Azərbaycanının müxtəlif şəhərlərində siyasi və mədəni fəalların həbsi davam edir.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Təbriz, Urmiyə, Ərdəbil və Zəncan şəhərləri başda olmaqla müxtəlif bölgələrdə onlarla fəal və vətəndaş saxlanılıb. Bəzi vətəndaşlar aksiyalara qatıldığı üçün tutulub. Təhlükəsizlik qüvvələri bəzi fəalları isə aksiyalara qatılmalarının qarşısını almaq üçün həbs edib.

Keçən günlərdə Təbriz və Ərdəbildə nəzarət altına alınanlar arasında Mehdi Həmidi Şəfiq, Əsgər Əkbərzadə, Səid Sadıqifər, Meysəm Colani və Məhəmməd Colani kimi fəalların adları yayılıb. İnternetin bağlanması səbəbilə ölkə daxilində xəbərlərin yayılması olduqca çətinləşib.

Londonda yerləşən internet müşahidə qrupu "NetBlocks"un bildirdiyinə görə, hazırda İranda insanlar 2019-cu ilin noyabrında benzin qiymətinin qəflətən qalxması ilə əlaqədar keçirilən etirazlardan bəri ən ciddi internet məhdudiyyətləri ilə üzləşib.

Keçən həftə Tehranda baş örtüyü ilə bağlı qaydaları pozduğu iddiası ilə əxlaq polisi tərəfindən nəzarət altına alınan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra baş qaldıran etirazlar İslam Respublikasında 2019-cu ildən bəri keçirilən ən böyük etirazlardır.

İran Azərbaycanının müxtəlif şəhərlərində təşkil olunan etirazların videolarında iştirakçıların “azadlıq, ədalət, milli hökümət” və “qadın-kişi əl-ələ, zülmün başını əzməyə” kimi şüarlar səsləndirdiyi eşidilir. Etirazçılar həmçinin İranın ali lideri Seyyid Əli Xameneiyə qarşı şüarlar səsləndirirlər.

XS
SM
MD
LG