Accessibility links

Gənc qadının ölümü ilə bağlı ümummilli etirazlar davam etdiyi bir vaxt İranda internet bağlanıb


İran hökuməti ölkənin əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı qadının ölümü ilə bağlı ümummilli etirazlar davam etdiyi üçün interneti demək olar ki, tamamilə bağlayıb.

Londonda yerləşən internet müşahidə qrupu "NetBlocks"ın bildirdiyinə görə, hazırda İran benzinin qiymətinin qəflətən qalxması ilə bağlı 2019-cu ilin noyabrında keçirilən etirazlardan bəri ən ciddi internet məhdudiyyətləri ilə üzləşib.

Sentyabrın 21-də bir neçə sosial şəbəkə istifadəçisi hökumətin Instagram və WhatsApp-ı blokladığını bildirib.

"NetBlocks" İranda WhatsApp-a girişin geniş şəkildə kəsildiyini təsdiqləyib.

İranda beynəlxalq sosial media platformaları mütəmadi olaraq bloklanır. Jurnalistlər və başqa istifadəşilər Telegram, Twitter, YouTube və Facebook-a olan məhdudiyyətlərdən yan keçmək və bu xidmətlərə giriş üçün virtual şəxsi şəbəkələrdən (VPN) istifadə edir.

İranlı istifadəçilər üçün əlçatan yeganə mühüm sosial şəbəkə, Instagram-ın bloklanması baş örtüyü ilə bağlı qaydaları pozduğu iddiası ilə polis nəzarətinə götürülən və orada həyatını itirən 22 yaşlı Məhsa Əmininin ölümünə qarşı hökumət əleyhinə başlayan etirazlar zamanı baş verib.

Etirazlar İranın 80-ə yaxın şəhərini əhatə edib və müxtəlif mənbələr ən azı 9 nəfərin öldüyünü təsdiqləyib.

XS
SM
MD
LG