Əvəz Zeynallıya yeni ittiham irəli sürülüb, bir nəfər axtarışa verilib

jurnalist Əvəz Zeynallı (foto VOA-Azərbaycan xidmətinə məxsusdur-arxiv)

"Xural TV”nin baş direktoru Əvəz Zeynallı və Elnur Şükürova qarşı yeni ittiham irəli sürülüb, bir nəfər isə axtarışa verilib.

Bu barədə Amerikanın Səsinə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Rəsmi məlumatda deyilir ki, “Xural TV”nin baş direktoru Əvəz Zeynallı, “Səda TV” MMC-nin direktor müavini olmaqla, eyni adlı internet kanalının rəhbəri Elnur Şükürov və Elçin Sadıqovun qanunsuz əməlləri ilə bağlı cinayət işinin istintaqı davam etdirilir.

“Aparılan istintaqla müəyyən edilib ki, bir sıra media subyektləri qabaqcadan bir qrup şəxs halında əlbir olub. Onlar maddi nemət müqabilində ayrı-ayrı şəxslərin xeyrinə rəhbərlik etdikləri internet kanallarının imkanlarından istifadə ediblər. Belə ki, müxtəlif dövlət orqanlarının vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstəriblər və ayrı-ayrı şəxslərə vəd etdikləri qərarların qəbul edilməsinə nail olmalarına əsaslı şübhələr yaranıb”- deyə, məlumatda qeyd edilib.

“Belə ki, vəzifəli şəxs olan “Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynallı və vəzifəli şəxs olan “Səda TV” MMC-nin direktor müavini, eyni adlı internet kanalının rəhbəri Elnur Şükürov və tanışı Teymur Rəhimov qabaqcadan əlbir olmaqla öz aralarında əldə olunacaq vəsaitin bölüşdürülməsi barədə razılığa gəliblər” - deyə bildirilir.

Sumqayıt şəhəri 29-cu məhəllə, 17/18 nömrəli evin birinci mərtəbəsində yerləşən 25 saylı mənzilin arxa tərəfində yerləşən boş torpaq sahəsinin Nəzakət Cəfərovanın xeyrinə özəlləşdirilərək orada mağaza tikilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətindən müvafiq icazənin alınmasının “Xural TV” internet kanalının təsir imkanlarından istifadə edilib. Bunun müqabilində 11 070 manat alaraq qeyd olunan mənzilin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi, habelə tikiləcək mağazanın layihəsi ilə bağlı müvafiq sənədlərin əldə edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni qaydada qabaqcadan razılaşmaqla Əvəz Zeynallı və Elnur Şükürov, tanışı Telman Vəliyev Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yaşadığı evin qarşısında mağaza tikməyə icazə verilməsi üçün 7 000 manat alaraq “Xural TV” internet kanalının təsir imkanlarından istifadə edilib. Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq vəzifəli şəxsinin qərarına qanunsuz təsir göstərmək məqsədilə telefonla zəng edərək qohumu olduğunu bildirib, tikintinin aparılmasına icazə verilməsinə əsaslı şübhələr tapılıb.

Digər əsaslı şübhələr isə Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 0.57 ha torpaq sahəsinin və 168 m2 tikilinin özəlləşdirilməsi ilə bağlı zəruri sənədlərin əldə edilməsi ilə bağlıdır. Bunun ümün 50 000 manat alaraq özəlləşdirməyə etirazın olmaması barədə müvafiq məktubun verilməsinə dair qərarın qəbulu və qərara qanunsuz təsir göstərilib,” rəsmi açıqlamada bildirilir.

Məlumata görə Əvəz Zeynallı və Elnur Şükürov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə - nüfuz alveri) maddəsi ilə yenidən ittiham elan edilib. Teymur Rəhimov Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Öz növbəsində Elnur Şükürovun yaxınlarından rəsmi məlunatla bağlı şərh almaq mümkün olmayıb.

Xatırlatma

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-da prokurorluq orqanları tərəfindən saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb.

Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçib.

Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallıya 311.3.3-cü (külli miqdarda rüşvət almaq) və Elçin Sadıqova Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilib. Əvəz Zeynallı "Baku Steel Company" şirkətinin müşahidə şurasının keçmiş sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədovun yaxınlarından rüşvət almaqda, vəkil isə vasitəçilik etməkdə təqsirli bilinir.

Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib, peşə fəaliyyətləri ilə bağlı olduğnu bəyan edib.

Beynəlxalq təşkilatlar vəkil və jurnalistin həbsini pisləyib. Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını istəyiblər.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerikanın Səsinə bildirib ki, Əvəz Zeynallının və Elçin Sadıqovun həbsini diqqətlə izləyirlər.