Blinken və Çavuşoğlu Azərbaycan və Ermənistan arasında dialoq prosesini müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Dövlət Departamentinin sözçüsü Ned Praysın açıqladığı məlumatda görüş zamanı Cənubi Qafqazda durum, Azərbaycan və Ermənistan arasında dialoq və Türkiyənin Ukraynadan taxıl məhsullarının təhlükəsiz daşınması üçün vasitəçilik səyləri müzakirə edilib.

“Dövlət katibi Blinken və xarici işlər naziri Çavuşoğlu Cənubi Qafqazda gərginliyi müzakirə ediblər və dövlət katibi qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında dialoqu asanlaşdırmaq və münaqişənin uzunmüddətli siyasi nizamlanmasına kömək etmək üçün fəaliyyətini davam etdirir,” Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda deyilir.

“Onlar həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq koordinasiya və NATO-nun birliyinin təkmilləşdirilməsi yollarını müzakirə ediblər,” sənəddə qeyd edilir.

Görüş zamanı ABŞ dövlət katibi Türkiyənin Ukrayna taxılının Qara dəniz vasitəsilə fasiləsiz daşınmasını təmin etmək üçün diplomatik səylərini yüksək qiymətləndirib və BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların qorunub saxlanılmasının və Moskvanın öz hərəkətlərinə görə cavabdehlik daşımasının vacibliyini vurğulayıb.